Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrləri ilə nazirliyin strukturunda bir sıra musiqi məktəblərində yeni təyinatlar olub.
Məmməd Quliyev Bakıdakı L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin, Fikrət Budaqov isə K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin direktoru təyin edilib.
Bu təyinatadək M.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F.Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb.
Bundan əlavə, Nəzifə Əliyeva Bakı şəhəri 33 nömrəli uşaq musiqi məktəbinə, Vəfa Həziyeva paytaxtdakı 34 nömrəli uşaq musiqi məktəbinə, Şakir Qədirov Yevlax rayon Aran qəsəbə uşaq musiqi məktəbinə, Xətayə Cəfərova Ağdam şəhər Xan Şuşinski adına uşaq muğam musiqi məktəbinə direktor təyin edilib.
Yeni təyin olunan direktorlara nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişaf etidirilməsi, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi ilə bağlı tapşırıqlar verilib.