Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Muğamatım bir dəryadır” mövzusunda musiqi təlimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutan treninq üç gün davam edib.
Layihənin rəhbəri İlahə Qismət bildirib ki, təlimin əsas məqsədi gənc ifaçılara və bu sahəyə marağı olan şəxslərə muğam sənətinin sirlərini öyrətmək, həmçinin onların incəsənətə olan marağının artırılmasına kömək etməkdir.
Treninqi tanınmış xanəndə, Xalq artisti, dosent Zümrüd Məmmədova, bəstəkar, Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov, Əməkdar artist, dosent Mirnazim Əsədullayev və musiqişünas Fərdin Məmmədli aparıblar. İştirakçılar muğamla bağlı onları maraqlandıran bir çox suallara cavab taparaq əyani muğam parçalarını dinləməklə yanaşı, şifahi və ənənəvi professional muğamlarımız haqqında maarifləndiriliblər.
Layihə çərçivəsində gənc musiqiçilər və musiqisevərlər ustad sənətkarlar tərəfindən professional muğamlarımız haqqında biliklərə yiyələnməklə yanaşı, mövzu ətrafında bir sıra elmi müzakirələrdə də iştirak ediblər.