TÜRKSOY Gənclik Orkestrinin üzvü Mustafa Mehmandarov Vyana Konservatoriyasının dirijorluq fakültəsində təhsil alır. 3-cü kurs tələbəsi olan Mustafa "Caspian Virtuoses" adlı kamera orkestri qurmağa da müvəffəq olub. Dekabrın 5-də Vyanada Mustafa Mehmandarovun dirijorluğu ilə konsert proqramı təqdim olunacaq. Proqramda P.Çaykovski, D.Şostakoviç, Q.Qarayev, F.Əmirov, R.Əliyev və başqa bəstəkarların əsərləri səslənəcək. Konsertin solisti Müşfiq Quliyevdir. Fortepianoda Təhminə Abdullayeva, Mərziyyə Hüseynova, skripkada Jalə Əliyeva, violonçeldə Jalə Rəsulova, habelə vokalçılar Yekaterina Protsenko, Anna Tyapkina çıxış edəcəklər.