Budapeştdə dünyaca məşhur macar-amerikan bəstəkarı və dirijoru Antal Dorati adına beynəlxalq dirijorluq müsabiqəsi keçirilib. Ferens List Musiqi Akademiyasının professoru, məşhur pianoçu və dirijor Tamaş Başarinin rəhbərlik etdiyi münsiflər heyəti müxtəlif ölkələrdən gəlmiş 30 ifaçının musiqi duyumunu və dirijorluq məharətini qiymətləndirib.
Budapeştdəki italyan Mədəniyyət Mərkəzinin Cüzeppe Verdi zalında keçirilən yekun konsertdə qaliblər müəyyən edilib. Münsiflər heyətinin yekdil qərarı ilə birinci yeri Orxan Haşımov (Azərbaycan) və Oliver Oşanin (Fransa), ikinci yeri isə Joost Smeets (Hollandiya) tutub. Üçüncü mükafat verilməyib. Müsabiqə iştirakçıları MAV Budapeşt simfonik orkestrinin müşayiəti ilə Pyotr Çaykovski, Klod Debüssi, Bela Bartok, Andrea Potrera və İohann Bramsın əsərlərini səsləndiriblər. Gənc azərbaycanlı dirijor temperamentli ifa tərzi və yüksək artistizmi ilə də tamaşaçıların böyük rəğbətini qazanıb.
Orxan Haşımov 1995-ci ildə Bakıda anadan olub. Hazırda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alır. Tez-tez Rusiya paytaxtında klassik musiqi konsertlərinin dirijoru kimi çıxış edir.