Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Dekabrın 16-17-də keçiriləcək konsertlərdə Stiven Siqal və müşayiətçi qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.
Kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Əsasən blüz janrına üstünlük verir. Məşhur blüz əfsanələri - Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarenslə birgə ifalar edib.
2005-ci ildə işıq üzü görən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”) adlı ilk albomunda blüz, pop, rok janrlarında musiqilər yer alıb. Avropa bazarında böyük maraq görən bu albomdan sonra 2006-cı ildə “Mojo Priest” musiqi albomu təqdim olunub.
Qeyd edək ki, Stiven Siqalın zəngin gitara kolleksiyası da var. 1960-cı illərdən toplamağa başladığı kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.
1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb. Əsasən döyüş filmlərində çəkilir. “Mühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında” və s. filmlərdə rol alıb. Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. Prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.
Bu il sentyabrın 21-də Bakıya səfəri zamanı Heydər Əliyev Mərkəzində olan Stiven Siqal “Auditorium” zalına heyran qalmış və burada konsert vermək arzusunu bildirmişdi.