Moskvada keçirilən gənc ifaçıların XVI “Şelkunçik” beynəlxalq televiziya müsabiqəsi dekabrın 7-də başa çatıb. Rusiyanın “Mədəniyyət” telekanalı tərəfindən reallaşan müsabiqə böyük marağa səbəb olub. Yarışmada 3 ixtisas üzrə (fortepiano, skripka, nəfəs və zərb alətləri) 24 ölkəni təmsil edən 48 gənc ifaçı iştirak edib.
Moskva Dövlət Filarmoniyasının Çaykovski zalında keçirilən açılış və bağlanış konsertlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Rusiya Milli Simfonik Orkestri (bədii rəhbər M.Pletnev) çıxış edib.
Ə.Quliyev bildirib ki, müsabiqənin əsas təşkilat komitəsinin üzvləri dünya şöhrətli musiqi xadimləri - Evelin Qlenni (İngiltərə), Vladimir Spivakov (Rusiya), İrina Xelfliger (İsveçrə), Denis Matsuyev (Rusiya), Markus Xinterxoyzer (Avstriya), Paloma Oşi (İspaniya) və Aleksey Şalaşov (Rusiya) olub. Gənc ifaçıların çıxışları dünyaca məşhur musiqi biliciləri tərəfindən qiymətləndirilib.