Dekabrın 14-də SSRİ Xalq artisti, dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyi münasibətilə sənətkarın yaradıcısı olduğu və adını daşıyan Dövlət Mahnı Teatrında konsert proqramı təqdim olundu.
Mahnı Teatrının estrada-simfonik orkestri maraqlı proqramla çıxış etdi.
Konsertdən öncə orkestrin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu Salman Qəmbərov böyük sənətkarın yaradıcılıq yoluna nəzər saldı, Azərbaycan musiqisini dünyada layiqincə təbliğ etməsindən geniş danışdı: “Rəşid Behbudov dahi müğənni, əvəzedilməz musiqi xadimi idi. O qeyri-adi səsi, yüksək insani keyfiyyətləri ilə bir çox ölkələri fəth edərək Azərbaycan musiqisini dünyada tanıtdı. Görkəmli müğənninin 100 illik yubileyi ilə bağlı tədbirlər davam edəcək. Mahnı Teatrının estrada-simfonik orkestri olaraq Rəşid Behbudovun xatirəsinə həsr etdiyimiz bu konsert proqramına müxtəlif mahnılar daxil etmişik. Onların arasında Rəşid Behbudovun ifa etdiyi mahnılar da var”.
Sonra konsert proqramı təqdim edildi. Xəyyam Mirzəzadənin “Gəzinti”, Tofiq Əhmədovun “Güldür məni”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Arif Məlikovun “Güllərim”, Cəmil Əmirovin “Ala-bəzək yuxular”, Niyazinin “Arzu”, Rauf Hacıyevin “Bahar sənsiz”, Elza İbrahimovanın “Ey, Vətən” və Müslüm Maqomayevin “Azərbaycan” mahnıları ifa olundu.
Konsertdə həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının musiqisi əsasında “Fantaziya”, “Ögey ana” filmindən Tofiq Quliyevin “Gül oğlum”, Qara Qarayevin “İnsan məskən salır” filminə yazdığı musiqisi əsasında “İmprovizasiya” səsləndirildi.
Mahnıları Xalq artisti Azər Zeynalov, Əməkdar artist Xəyyam Mustafazadə, müğənnilər İlhamə Qasımova, Aynur İsgəndərli, Mədinə Kazımova və başqaları ifa etdilər.
Fariz Hüseynov