18-20 dekabr tarixində Belçikanın Brüssel şəhərində keçirilən gənc pianoçuların “Sezar Franck” beynəlxalq müsabiqəsində G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi Dilbər Ağaməmmədova respublikamızı təmsil edib.
Müsabiqədə 10-dan çox ölkədən gənc musiqiçilər iştirak ediblər. Yarışma iki turdan ibarət idi. Dilbər I turda İ.S.Baxın “Simfoniya” (3 səsli invensiya b-dur) və V.Mustafazadənin “Mart” əsərlərini, ikinci turda İ.Haydnın “Sonata” (F-dur I hissə), F.Qriqin “Etüd”, E.Nəzirovanın “Prelüd” (b-dur) və F.Şumanın “Fantastik rəqs” əsərlərini uğurla ifa edərək müsabiqənin laureat adını qazanıb.
Münsiflər heyətinin üzvü Yuri Boqdanov ustad dərsi keçib. Gənc pianoçu ustad dərsində İ.S.Bax, İ.Haydn və F.Şumanın əsərlərini ifa edib.
Dilbərin müəllimi Bakı Musiqi Akademiyasının professoru Siala Sinamdzqvarişvilidir.