Azərbaycanlı müğənni məşhur musiqi brendi ilə əməkdaşlığa başlayıb

Həmvətənimiz, Belarusun populyar müğənnisi Günəş İsveçin tanınmış musiqi şirkəti ilə əməkdaşlıq etməyə başlayıb. Müğənninin “Sweden Songs Music Publishing” leybli altında buraxılan ilk kompozisiyası internetdə təqdim olunub.
İsveçin məşhur musiqiçiləri Niklas Söström və Kristian Lovenborq Volström Günəş üçün “Qəlbi sınmış qadın” (“Heartbroken woman”) mahnısını yazıblar. İfaçının sözlərinə görə, “Sweden Songs”, o cümlədən şirkətin təsisçisi olan Kit Almqren ona “Eurovision-2016” mahnı müsabiqəsinin milli seçim turunda kompozisiya təqdimi barədə təklif edib, lakin Günəş seçim turunda iştirak etməməyi qərara alıb. “Belteleradio” şirkətinin dəvətinə əsasən müğənni münsiflər heyətinə salınıb və yanvarın 22-də seçim turunun finalında “Qəlbi sınmış qadın” mahnısını qonaq kimi ifa edəcək. Bu, bir növ kompozisiyanın geniş auditoriya üçün təqdimatı olacaq.
Günəşin “Sweden Songs” ilə əməkdaşlığı 2015-ci ildə başlayıb və müğənninin “Eurovision” milli seçim turlarında uğurlu çıxışından qaynaqlanıb. Bu barədə həmvətənimiz deyib: “Qəribə olsa da, mən “Eurovision” yarışmasına bir dəfə olsun belə getməyərək, ondan yaradıcılıq baxımından böyük fayda əldə etmişəm. Xarici müəlliflərdən onların kompozisiyalarını seçim turunda ifa etməyim barədə çoxlu təkliflər alıram. Hər il Azərbaycan, İspaniya, İrlandiya və İsveçdən mənə mahnılar göndərilir”.
Mahnı haqqında fikirlərini bölüşən müğənni deyib: “Mənim emosional durumum kompozisiyada təqdim edilən obraz və mətnə uyğun gəlmir. Gözəl bir oğlum dünyaya gəlib. Lakin mahnı mənim o dərəcədə xoşuma gəldi ki, mən bu rolu oynamağı və hər bir qadının həyatında heç olmasa bircə dəfə yaşadığı hiss və emosiyaları çatdırmağı qərara aldım. Cavabsız məhəbbət, ayrılıq acısı, həyəcan və iztirablar - bütün bunlar bizi sonda güclü edir və həyat yollarında biz daha inamla addımlayırıq”.
Kompozisiya Avropada müsbət qarşılanıb. Müğənni ümid edir ki, mahnı Belarus dinləyicilərinin də xoşuna gələcək. Günəş və İsveçin musiqi şirkəti yeni kompozisiyalar üzərində əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Müğənni 2016-cı ilin yaradıcılıq baxımından zəngin olacağını gözləyir. Artıq bu ay müğənninin onillik yaradıcılıq fəaliyyətinə həsr olunan qastrol turu başlanır.