Oxu tar, oxu tar,
Səni kim unudar?
Ey geniş kütlənin
Şirini, şərbəti,
Alovlu sənəti.

Bir vaxtlar qədim xalq çalğı alətimizi ləğv etmək istəyənlərə Mikayıl Müşfiq cəsarətlə bu misraları söylədi. Tarın sadəcə bir çalğı aləti deyil, xalqımızın mənəvi dünyasının zənginləşməsində böyük əhəmiyyətini bəyan etdi. Tar oxudu, oxuyur və oxuyacaq. Çünki onu köksünə sıxıb sevərək dilləndirən sənətkarlarımız olub və var. Onlardan biri də tar ilə dostluğunun, məhəbbətinin 50 yaşını qeyd edən novator tarzən professor Həmid Vəkilovdur. Təbii ki, hər bir işin başlanğıcı olduğu kimi bu dostluğun da mənbəyi var. Bu yerdə Həmid Vəkilovun ömür kitabından bəzi səhifələri vərəqləyək.
Həmid Şamil oğlu Vəkilov 1949-cu il yanvarın 23-də Bakıda anadan olub. Erkən yaşlarından tara olan məhəbbəti Bülbül adına musiqi məktəbində oxuyarkən daha da artır və bu məhəbbət onun tarla əbədi dostluğunun təməli olur. 1967-72-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alaraq solist ifaçı, xalq çalğı alətləri orkestrinin dirijoru ixtisaslarına yiyələnir. Elə o vaxtdan da Həmid Vəkilov mahir tarzən və pedaqoq kimi geniş yaradıcılıq fəaliyyətinə başlayır. Muğam və xalq musiqi incilərini tarda xüsusi məharətlə ifa edən sənətkar Azərbaycan, Qərb və rus bəstəkarlarının əsərlərinə də biganə qalmır. Sənətdə axtarışlar aparır, yeniliklər edir.
Hamıya yaxşı bəllidir ki, tar aləti köksə sıxılaraq sinədə çalınır. Bu tarixi faktı da qeyd etməliyik ki, bir vaxtlar diz üstə çalınan tar XIX əsrdə Mirzə Sadıq Əsədoğlu sayəsində sinəyə qalxdı. Bəli, sənətkar əyləşib tarı köksünə sıxaraq onu ürəyinin hökmü, möhkəm biləyi və iti barmaqları ilə dilləndirir. Həmid Vəkilov isə ilk dəfə tarı ayaq üstə çalmağı nümayiş etdirdi. Bu gün bəzi gənc tarzənlər də yeri gəldikdə Həmid müəllimin ənənəsini davam etdirirlər.
Sənətkarın tara novator yanaşma tərzi alətin quruluşunda da öz əksini tapıb. Belə ki, tarın kəlləsindəki taxta aşıqları mexaniki aşıqlarla əvəz edib. Daha sonra 2 oktava yarım diapazonu 4 oktavaya çatdırıb. Bunun sayəsində tarda muğamlarla yanaşı, dünya klassiklərinin əsərlərini də daha rahat və dolğun ifa etmək imkanı yaranıb. Məsələn, Həmid müəllimin ifasında Sarasattinin “Əndəlus romansı” buna misal ola bilər. Tarda flajolet üsulunun tətbiqi də Həmid Vəkilovun adı ilə bağlıdır. O hələ konservatoriyada oxuyarkən skripka üçün yazılan əsərləri tarda orijinalda olduğu kimi ifa edirdi. O, tarı əsərə uyğunlaşdırmaq, yəni hər hansı klassik əsərin tara tətbiq olunmasına da özünəməxsus üsullarla yanaşır. Bir sözlə, Həmid Vəkilov müasir tar ifaçılığına öz töhfələrini verərək bununla da novator tarzən adını qazanıb.
Əlbəttə, Həmid müəllimi bu novator cəhətlərə sövq edən, onu daha da ruhlandıran bir çox amillər var. Bu yerdə belə haşiyəyə çıxaraq musiqiçilər haqda subyektiv fikrimi söyləmək istəyirəm. Belə bilirəm ki, musiqiçi iki istiqamətdə formalaşır. Biri istedadla savadı və zəhməti qovuşduranlar, digəri isə təhsillə zəhməti qovuşdurub sənətə gələnlər. Hər iki cəhət peşəkar musiqiçiyə aiddir. Amma, sənətdə novatorluq edə bilənlər birinci növü təmsil edirlər, yəni istedadı olub zəhməti ilə savadını artırıb sənətdə daim axtarışdadırlar. Məhz bu cəhətlər Həmid müəllim üçün novatorluğun mənbəyidir. Ona ilham verən amillərdən biri də müxtəlif konsert salonlarında, respublika və beynəlxalq səviyyəli müsabiqə və festivallarda etdiyi uğurlu çıxışlardır. Müxtəlif dövrlərdə laureat, diplomant adlarına layiq görülən, bir çox fəxri fərmanlarla təltif edilən sənətkar 1987-ci ildə Əməkdar artist fəxri adına da layiq görülmüşdür.
Həmid Vəkilovun tar ifaçılığının tədrisində də mühüm xidmətləri var. 1973-cü ildən Bülbül adına orta ixtisas musiqi məktəbində müəllimlik fəaliyyətinə başlayan sənətkar 1978-ci ildən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) da tar alətini tədris etmişdir. 1990-cı ildən konservatoriyanın dosenti olan tarzən 1992-ci ildə Türkiyəyə dəvət olunur və orada 17 il ifaçı və pedaqoq kimi fəaliyyət göstərir. 2010-cu ildə vətənə qayıdan Həmid müəllim Milli Konservatoriyada fəaliyyət göstərib, professor elmi adına layiq görülüb.
Bütün deyilənlərdən bəlli olur ki, Həmid Vəkilovun Azərbaycan tar alətinin təkmilləşməsində və tar ifaçılığının inkişafında mühüm rolu var. Bu mənada onun köçürmələri əsasında bir neçə tədris proqramlarını (N.Əliverdibəyovun “Vals-skertso”, P.İ.Çaykovskinin “Sintemental vals”, T.Quliyevin “Qaytağı” əsərlərindən ibarət “Pyeslər” məcmuəsi) da qeyd edə bilərik. Həmid müəllimin “Azərbaycan tarı və onun ifaçılıq problemləri haqqında təkliflər” metodik-tövsiyəsi də gənc tarzənlər üçün dəyərli mənbədir.
Novator tarzən Həmid Vəkilovu həmkarlardan fərqləndirən cəhətlərdən biri də bəstəkarlıq qabiliyyətidir. Onu bu sahədə püxtələşdirən unudulmaz bəstəkarımız Zakir Bağırov olub. Bəstəkarın tar ilə simfonik orkestr üçün yazdığı konsertin yaranma tarixində onun da mühüm rolu var. Həmin konsert məhz Həmid Vəkilova həsr olunub və 1985-ci ildə özünün ifasında SSRİ Xalq artisti Nikolay Nekrasovun rəhbərliyi ilə Ümumittifaq Televiziya və Radiosunun xalq çalğı alətləri orkestrinin müşayiəti ilə lentə yazılıb və “qızıl fond”a daxil edilib. Sonralar Həmid müəllim özü tar ilə simfonik orkestr üçün bir neçə əsərlər yazıb. Bunlardan simfonik orkestr üçün “Şıdırğı” və “Çılğın” adlı əsərlər, 3 hissəli “Konsert” və başqalarını qeyd edə bilərik.
Sənətkarın yaradıcılığını bu qədər maraqlı və zəngin edən ayrılmaz dostu olan sədəfli tardır. Bugünlərdə hörmətli sənətkarımız tarla dostluğunun 50 illik yubileyini Azərbaycan Dövlət Filarmoniyasında sənət dostları, həmkarları və tələbələri ilə birgə qeyd etdi. Həmişə yeniliklərə imza atan Həmid Vəkilovun tar ilə simfonik orkestr üçün yazdığı bir neçə əsər də ilk dəfə həmin konsertdə səsləndi. Düşünürük ki, bu yaradıcılıq gecəsi Həmid müəllimə növbəti novator düşüncələr üçün yeni bir eşq, yeni bir ilham verəcək. Yunus Əmrə demişkən -

Bu dünyanın eşqdir canı,
Bu yolda qoymusan canı,
Yunus Əmrə deyir bunu,
Bir gün də eşqsiz olmayın.

Biz də deyirik ki, hörmətli Həmid müəllim, yaradıcılıq yolunuzda eşqiniz tükənməsin, sənət dünyamızdan tarınızın sədası əskik olmasın.

Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru