Musiqi milliyyəti, dili, dini fərqli olan insanları sehrinə salmaq, qəlbini ovsunlamaq qüdrətinə malikdir. Necə ki, ecazkar Azərbaycan musiqisi müxtəlif ölkələrin konsert salonlarında səslənərək qəlbləri riqqətə gətirir, xalqımızın mədəni zənginliyini dünyaya nümayiş etdirir. 10 illik yubileyini qeyd edən Mədəniyyət və Turizm Nazirliyi fəaliyyətində, milli incəsənətimizin digər sahələri kimi, musiqi sənətimizin təbliğini, inkişafını, yeni yaradıcı nəslin yetişməsini diqqət mərkəzində saxlayıb.

Festivallar, müsabiqələr

Ötən on ildə keçirilən respublika və beynəlxalq əhəmiyyətli konsertlərin, festivalların, müsabiqələrin sayı 1500-dən çox olub, Azərbaycan musiqi mədəniyyəti tarixinə yazılan rəngarəng tədbirlər, layihələr reallaşdırılıb.
Azərbaycan musiqisinin ən dəyərli incisi olan qədim muğam sənətimizin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi, beynəlxalq miqyasda tanıdılması 2009-cu ildə ilk dəfə “Muğam aləmi” beynəlxalq muğam festivalının, festival çərçivəsində elmi simpoziumun və beynəlxalq muğam müsabiqəsinin təşkilinə zəmin yaratdı. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə əsası qoyulan festival musiqimizin zənginliyi ilə bərabər, həm də muğam ifaçılarımızı dünyaya tanıdır. Festival çərçivəsində ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər və ustad dərsləri keçirilir.
2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun təşkilatçılığı və nazirliyin dəstəyi ilə reallaşan yeni bir musiqi ənənəsi - Qəbələ Beynəlxalq Musiqi Festivalı dünyanın neçə-neçə məşhur orkestrlərini, dirijorları, ifaçıları bir araya gətirir. Qəbələ musiqi bayramı beynəlxalq miqyasda böyük uğur qazanaraq öz siması, dəst-xətti ilə dünyada tanınan yay festivallarından biri kimi məşhurlaşıb.
2010-cu ildən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, həmçinin Bakı Beynəlxalq Caz Festivalı, eləcə də Qara Qarayev, Mistislav Rostropoviç və başqa görkəmli musiqi xadimlərinin adı ilə bağlı beynəlxalq festivallar, xarici ölkələrdə təşkil olunan Azərbaycan mədəniyyəti günləri bu sahədə artan şöhrətimizin təzahürüdür. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi də özünəməxsus ənənələri ilə seçilir.

Keçmişə ehtiram

Musiqi irsimizin yaradıcıları da diqqətdən kənarda qalmır, onların ömür yolu və yaradıcılığı tədqiq edilir, yubileyləri qeyd olunur. Son 10 il ərzində dövlət başçısının imzaladığı sərəncamlarla Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Bülbül, Vaqif Mustafazadə, Bəhram Mansurov, Keçəçioğlu Məhəmməd və onlarla sənətkarın yüksək səviyyədə yubiley gecələri keçirilib.
Böyük sənət ustalarına verilən qiymət bununla da yekunlaşmır. Musiqi xadimlərinin xatirələrinin əbədiləşdirilməsi sənətkar ömürlərini, xidmətlərini və onlara verilən dəyəri daha görünən edir. Ölməz sənətkarlar Rəşid Behbudov, Niyazi, Tofiq Quliyev, Süleyman Ələsgərov, Qəmbər Hüseynli, Müslüm Maqomayev və Sara Qədimovanın xatirə lövhələri vurulmuş, Bəşir Səfəroğlunun qəbirüstü abidəsinin açılışı olmuşdur. Görkəmli bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun, dünya şöhrətli vokal ustası Bülbülün abidələri ucaldılmışdır.

Sərhədləri aşan musiqimiz

Əsrarəngiz Azərbaycan musiqisi öz dinləyici auditoriyasını günü-gündən genişləndirməkdə, dövlət tərəfindən təmir edilən işıqlı, rahat və əzəmətli konsert salonlarında səslənməkdə davam edir. Mütəmadi olaraq Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi və digər sənət ocaqlarında təşkil edilən konsertlər buna bariz nümunədir. Paytaxtımızın musiqi həvəskarlarının zövqünü oxşayan klassik, müasir, estrada, caz və muğam konsertləri də məhz bizlərin asudə vaxtının səmərəliliyinə hesablanır. R.Behbudov adına Dövlət Mahnı Teatrında estrada simfonik orkestrin yaradılması da yeni musiqi və yeni zövqlərin başlanğıc məqamıdır.
Ötən il Fransanın regionlarında ölkəmizi tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycan mədəni dəyərləri” mövzusunda tədbirlər silsiləsi də əhəmiyyətli sənət uğurlarındandır. Tədbirlərdə musiqi kollektivləri, tanınmış musiqiçilər, dirijorlar konsert proqramları ilə çıxış etdilər. Digər əlamətdar hadisə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə Azərbaycan Respublikasının dövlət himninin partiturasının yeni redaktəsi və yenidən orkestrləşdirilməsi oldu. Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının ifasında himn səsyazma studiyasında lentə alındı və “Bakı-2015” Avropa Oyunlarında müvəffəqiyyətlə səsləndirildi.
Azərbaycan caz musiqisinin təbliği, gənc caz ifaçılarının dəstəklənməsi və tanıdılması məqsədilə gənc musiqiçi Şahin Növrəsli 2007-ci ildə İsveçrədə keçirilən 41-ci Montrö Caz Festivalında ilk dəfə Azərbaycanı təmsil edərək ikinci yerə layiq görüldü. Məhz bundan sonra Azərbaycanın caz ifaçılarının xarici səfərlərinin sayı günü-gündən artmağa başladı.
Ölkəmizin təbliği məqsədilə keçirilən layihələrin davamı olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı, nazirliyin dəstəyi ilə Fransanın Kann, Paris və Mulus şəhərlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə təşkil olunan Azərbaycan mədəniyyəti günləri çərçivəsində silsilə tədbirlər gerçəkləşdi. 12-16 iyul 2015-ci il tarixdə Kann şəhərində keçirilən muğam və caz qruplarının konsert proqramı isə hələ də yaddaşlardadır. 2014-cü ilin 9 sentyabr - 9 dekabr tarixlərində xarici ölkələrdə “Bakı-2015” İlk Avropa Oyunlarına həsr olunmuş silsilə tədbirlər, Afina, Berlin, Hannover, Düsseldorf, İstanbul, Paris, Drezden şəhərlərində Dövlət Kamera Orkestrinin, Dövlət Simfonik Orkestrinin, Dövlət Rəqs Ansamblının, Dövlət Mahnı və Rəqs Ansamblının, muğam və caz ifaçılarının maraqlı çıxışları musiqimizin təntənəsi idi.
Bu gün Azərbaycan musiqisinin sədası dünyanın dörd bir yanından eşidilir. İfaçılarımız böyük auditoriyalardan, sənət məbədlərindən alqış qazanır, milyonlar tərəfindən qəbul edilir və sevilir. Bu sevgiləri bizə yaşadan isə milli musiqimizi milli kimliyimizin bir parçası kimi uca tutan dövlətimizin diqqət və qayğısıdır...