Yanvarın 30-da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək konsertdə Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının uşaq-gənclər xalq çalğı alətləri orkestri 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Bakının müxtəlif musiqi məktəblərindən seçilən 50 şagird orkestrdə ifa edir. Bu illər ərzində uşaqların yarıdan çoxu respublika müsabiqələrinin qalibi olub, 7 nəfər Prezident təqaüdünə layiq görülüb.
Orkestrin ilk konserti 2009-cu ildə Qəbələdə keçirilib. Kollektiv Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində, Kamera və Orqan Musiqi Zalında, dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasında, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində, eləcə də bölgələrdə, Şəki, Şamaxı, Ağcabədidə çıxışlar edib. Orkestrin bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayevdir.