Prezident yanında Gənclər Fondunun maliyyə, Mədəniyyət və Turizm Nazirliyi, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, “Sağlam düşüncə” Gənclər Təşkilatının təşkilati dəstəyi ilə Sumqayıt yeniyetmələrinin ilk vokal müsabiqəsinin qala konserti keçirilib.
Şəhərdəki Bülbül adına 2 saylı uşaq incəsənət məktəbində gerçəkləşən tədbirdə layihənin təşkilatçısı Təbriz Xosrov müsabiqə barədə məlumat verib. Bildirilib ki, yeniyetmə və gənclərdə musiqiyə marağın artırılması, vokal sənəti ilə məşğul olanların dəstəklənməsi məqsədi daşıyan müsabiqəyə 50-dən (o cümlədən Gəncə, Lerik, Şəmkir, Biləsuvar və digər bölgələrdən) çox müraciət olub. Komissiya tərəfindən 25 nəfər müsabiqəyə buraxılıb. Növbəti mərhələdə münsiflər heyəti tərəfindən qala konsertdə iştirak üçün 10 nəfər seçilib.
Qala konsertdə ifalar münsiflər heyəti tərəfindən qiymətləndirilib, sonda qaliblərin adları açıqlanıb. Mirməhəmməd Adıgözəlli 1-ci, Riad Cəbrayılov, Kənan Məmmədli 2-ci, Lalə Namazova, Şahnaz Aslanova, Murad Abdalov 3-cü olublar. Bütün iştirakçılar hədiyyələrlə təltif olunub.