Fevralın 14-də Türkiyənin tanınmış teatr-kino aktyoru Emre Kınay Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək. Konsertdə sənətçini Özgür Sevincin dirijorluğu ilə “Sinema simfoni” orkestri müşayiət edəcək.
Könül oxşayan ifası ilə Türkiyədə sevilən Emre Kınay ölkəmizdə ilk konsertini verəcək. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür.
İstanbulda sənətçi ailəsində anadan olan Emre Kınay 1990-cı ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasına daxil olub. İkinci kursda oxuyarkən teatra dəvət edilir və orada çalışmağa başlayır. Teatrla yanaşı, bir çox filmlərdə də rol alan Emre Kınay “İlan hekayəsi”, “Günəşi gözləyərkən”, “Günəşin qızları” və s. seriallarda baş rolları canlandırıb. Emre Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri Müsabiqəsində “İlin ən yaxşı aktyoru” mükafatlarını qazanıb.
Sənətçi 2005-ci ildə qızının adını daşıyan müəllif teatrını - Duru Teatrını yaradıb.
E.Kınay aktyorluq fəaliyyəti ilə yanaşı, oxuduğu mahnılarla da tamaşaçıların zövqünü oxşayır.