Məşhur britaniyalı müğənni Adel Beynəlxalq Səsyazma Federasiyasının versiyasına görə ötən ilin ən uğurlu ifaçısı seçilib.
Siyahıda ikinci yeri digər britaniyalı ifaçı Ed Şiran tutub. Üçüncü mövqedə isə ötən il bu reytinqə başçılıq etmiş amerikalı müğənni Teylor Svift qərarlaşıb.
Təşkilatın illik reytinqinin tərtib olunmasında həm fiziki daşıyıcılarda, həm də rəqəmsal formatda albom satışlarının ümumi həcmi, həmçinin striminq-servislərində dinləmə sayı əsas götürülür.
Adel ötən il bir neçə rekorda imza atıb. Oktyabrın 22-də işıq üzü görən “Hello” mahnısı 12 saat ərzində 85 ölkədə “Apple”nın “iTunes” virtual musiqi mağazasında ilk yerə yüksəlib. Mahnının müvafiq klipi isə 87 gün ərzində “Youtube” videohostinqində 1 milyard baxış toplayıb. Xatırladaq ki, bundan əvvəlki rekordun sahibi - “Gangnam Style” klipi 1 milyard baxış sayını 158 gün ərzində yığa bilmişdi.