TÜRKSOY təşkilatının xətti ilə hər il müxtəlif mədəniyyət layihələri, tədbirlər həyata keçirilir. Bu tədbirlərdə azərbaycanlı sənətçilər də uğurla iştirak edirlər. Növbəti belə tədbir “Sarayevo qışı” beynəlxalq musiqi festivalı çərçivəsində gerçəkləşəcək.
TÜRKSOY-un xətti ilə türkdilli ölkələrin vokalçıları beynəlxalq festival çərçivəsində fevralın 19-20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda, fevralın 22-də isə Serbiyanın paytaxtı Belqradda çıxış edəcəklər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına TÜRKSOY-un baş katibi Düsen Kaseinovun imzası ilə daxil olmuş məktubda teatrın gənc və istedadlı solisti Çinarə Şirin festivalda iştirak etmək üçün dəvət olunub.
2010-cu ildən Opera və Balet Teatrında çalışan Çinarə Şirin “Aida” (Aida), “Toska” (Toska), “Karmen” (Karmen), “Payatsı” (Nedda), “Sevil” (Dilbər) və s. tamaşalarda aparıcı partiyaları ifa edir.
Azərbaycanlı vokalçı festivalda K.Sen-Sansın “Samsun və Dalila” operasından Dalilanın, J.Bizenin “Karmen” operasından Xabaneranın, F.Əmirovun “Sevil” operasından Dilbərin ariyasını və Niyazinin “Arzu” romansını ifa edəcək.