Los-Ancelesdə musiqi dünyasının ən nüfuzlu “Qremmi” mükafatlarının 58-ci təqdimetmə mərasimi keçirilib.
“Ən yaxşı musiqi albomu” nominasiyasında mükafat “1989” adlı diskə görə populyar müğənni Teylor Sviftə verilib. Amerikalı reper Kendrik Lamar “To Pimp a Butterfly” albomu ilə nominasiyaların sayına görə rekord qazanıb: o, 11 müxtəlif mükafata iddia etsə də, yekunda 5 nominasiyada qalib gəlib.
“Ən yaxşı mahnı” nominasiyasında “Qremmi” mükafatına britaniyalı Ed Şiran və onun “Thinking Out Loud” kompozisiyası layiq görülüb. Digər britaniyalı musiqiçi Mark Ronson və amerikalı Bruno Mars müştərək “Uptown Funk” kompozisiyası ilə “İlin səsyazması” nominasiyasının qalibləri olublar.
Qalmaqallı müğənni Ledi Qaqa bu il mükafat əldə edə bilməsə də, öz çıxışı ilə hamını heyrətləndirməyi bacarıb: o, səhnəyə milyonların pərəstiş etdiyi Devid Boui obrazında çıxıb. Mərasimin açılışında Qaqa onun məşhur hitlərini ifa edib.