Bünövrəsi dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan professional musiqi sənəti mövcud olduğu bir əsrdən çox zaman kəsiyi ərzində dünyaya inteqrasiya etmişdir. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın nüfuzlu konsert salonlarında səslənir, möhtəşəm teatr səhnələrində tamaşaya qoyulur və məşhur ifaçıların repertuarını bəzəyir, musiqiçilərimiz virtuoz ifaları ilə yeni zirvələri fəth edirlər. Bu nailiyyətlərin dünya ictimaiyyətinə çatdırılmasında, musiqi mədəniyyətimizin təbliğində musiqişünasların rolu əvəzedilməzdir.

Milli musiqi mədəniyyətimizin belə fəal təbliğatçılarından biri də maarifpərvər insan, təcrübəli pedaqoq, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovadır.
Natalya Konstantinovna Dadaşova (Kuznetsova) 1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Musiqinin tarixi və nəzəriyyəsi fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində respublika və ümumittifaq (Rostov-Don, Minsk, Tbilisi və s.) elmi konfranslarda uğurla iştirak etmiş, diplomlarla təltif edilmişdir. Həmin illərdə N.Dadaşova “Bilik” elmi cəmiyyətinin fəal üzvlərindən biri kimi musiqi-estetik, maarifləndirici və təbliğat xarakterli mövzulara həsr olunmuş məruzələr hazırlayır və “Kamera musiqisi gecələri” adlı silsilə konsertlərdə ön sözlə çıxış edirdi.
1980-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqında əmək fəaliyyətinə başlayan N.Dadaşova respublikanın musiqi həyatında yaxından iştirak edir. 1984-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan N.Dadaşova qurumun “Təbliğat bürosu”nun daimi mühazirəçisi kimi müxtəlif tədbirlərdə çıxış edir, musiqiçi-jurnalist fəaliyyəti ilə məşğul olur. O, müxtəlif illərdə bir sıra televiziya və radio verilişlərinin ssenari müəllifi və aparıcısı olmuşdur.
Musiqişünas Azərbaycan bəstəkarlarının yaradıcılığına, musiqinin müxtəlif problemlərinə həsr olunmuş 100-dən artıq elmi, elmi-publisistik, tənqidi-maarifləndirici məqalə və resenziyaların müəllifidir. Onun məqalələri mütəmadi olaraq respublika və xarici mətbuat səhifələrində, elmi məcmuə və jurnallarda (“Musiqi dünyası”, “Qobustan”, “Harmony”, «Sovetskaya muzıka», «Muzıkalnaya jizn»), qəzetlərdə dərc olunur. N.Dadaşova həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə çap olunan bir neçə məcmuənin (“Kratkaya letopis Soyuza kompozitorov Azerbaydjana (1979-1984)”, “Soyuz kompozitorov Azerbaydjana. K 60-letiyu tvorçeskoy orqanizasii (1934-1994)” və s.) həmmüəllifidir. 1991-ci ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Moskvada SSRİ Bəstəkarlar İttifaqının VIII qurultayının iştirakçısı olmuşdur. N.Dadaşova həmçinin uzun illər 4 saylı uşaq musiqi məktəbində musiqi nəzəriyyəsi fənlərinin müəllimi kimi çalışmışdır.
Azərbaycan simfonizminin problemlərini araşdıran musiqişünasın elmi fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. O, 2007-ci ildə bəstəkar A.Dadaşovun simfonik yaradıcılığını tədqiq edərək namizədlik dissertasiyası müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2012-ci ildə musiqişünasın tədqiqat işi - “Bəstəkar Azər Dadaşovun simfoniyaları” (2012) kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayının keçirildiyi günlərdə musiqi ictimaiyyətinə təqdim olunan bu kitab musiqi mədəniyyətimizə gözəl töhfə oldu.
Azərbaycan bəstəkarlıq məktəbinin elə bir nümayəndəsi yoxdur ki, N.Dadaşova onun yaradıcılığına müraciət etməmiş olsun. Bu sırada professional musiqimizin banisi Üzeyir Hacıbəylidən başlayaraq, onun yaradıcılıq ideyalarını davam etdirən Qara Qarayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Azər Rzayev, Ramiz Mustafayev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Elza İbrahimova, o cümlədən bu gün fəaliyyət göstərən Sevda İbrahimova, Firəngiz Əlizadə, Azər Dadaşov, Cavanşir Quliyev, Cəlal Abbasov, Adilə Yusifova və başqa bəstəkarların adlarını çəkmək olar.
Son illər Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətində musiqişünaslıq işlərinin çap olunmasına xüsusi diqqət yetirilir. İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü və təqdimatı ilə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yeni kitablar nəşr olunaraq musiqi ictimaiyyətinə təqdim edilir. Bu qəbildən “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə artıq 30-dan çox broşür nəşr edilmişdir. Həmin layihə üzrə N.Dadaşovanın “Bəstəkar Cəlal Abbasov” və “Bəstəkar Adilə Yusifova” broşürləri də işıq üzü görmüşdür. Musiqişünasın son illərdə nəşr olunan kitablarından biri də Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş “Xaqani küçəsi 27” (2014) adlı məqalələr, oçerklər və resenziyalar toplusudur. Müəllif artıq 36 ildir Bəstəkarlar İttifaqının yerləşdiyi bu məkana - sənət məbədinə gələrək öz sevdiyi işlə - musiqişünaslıqla məşğul olur, bilik və bacarığını əsirgəmədən musiqimizə vicdanla xidmət edir.
Yüksək intellektual səviyyəli musiqişünas, təcrübəli pedaqoq, zəhmətkeş və nəcib insan kimi həmkarlarının dərin hörmətini qazanan Natalya Dadaşova musiqi mədəniyyətimizin, bəstəkarlarımızın yaradıcılığının təbliğ edilməsi istiqamətində yorulmadan çalışır. Onun öz yubiley ilində həmkarlarına təqdim etdiyi növbəti yaradıcılıq işi - “Sizə məhəbbətlə” (2016) adlı avtobioqrafik kitabı böyük rəğbətlə qarşılandı. N.Dadaşovanı 60 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycan musiqi mədəniyyətinin təbliği işində yeni yaradıcılıq uğurları diləyirik!

Sevda Hüseynova
musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi