Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 30 nömrəli uşaq musiqi məktəbində yeni direktor təyinatı həyata keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq, 2016-cı il fevralın 25-dən Yusif Əhməd oğlu Məmmədov musiqi məktəbinin direktoru təyin edilib.
Yusif Məmmədov Ü.Hacıbəyli adında Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə təhsil alıb.
Xatırladaq ki, 30 nömrəli uşaq musiqi məktəbinin keçmiş direktoru Bağırov Eldar Novruz oğlu 2015-ci il dekabrın 30-dan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Musiqi məktəblərinə yeni təyin olunan direktorlara nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılır.