Martın 2-də “Zamanla üz-üzə” IV müasir musiqi layihəsinin 2016-cı il konsert mövsümünə start verildi.
Məlumat üçün deyək ki, «Zamanla üz-üzə» layihəsi ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2007-2008-ci ilin konsert mövsümündə keçirilib. O zaman XX əsrin bir çox klassiklərinin əsərləri ilk dəfə məhz bu layihə çərçivəsində Bakının konsert salonlarında səsləndirildi. Layihə uğurla qarşılandığından sonralar 2010/11 və 2013/14-cü il konsert mövsümlərində də davam etdirildi. «Zamanla üz-üzə” IV müasir musiqi layihəsi son illər formalaşmış bu ənənələrin davamı kimi nəzərdə tutulub. Layihənin bədii rəhbəri bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayev, baş dirijoru isə Xalq artisti, professor Rauf Abdullayevdir.
Layihə kamera-instrumental və simfonik konsertdən ibarətdir.
“Seçmə qüsurlar” adlı instrumental tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında göstərildi. Bəli, məhz göstərildi. Çünki bu sıradan olan konsertləri dinləmək yox, həm də görmək, daha doğrusu, tam anlamaqdan ötrü ona tamaşa etmək lazımdır.
«Seçmə qüsurlar» adı verilmiş instrumental teatr tamaşa-konsertində Elmir Mirzəyevin fleyta və 4 zərb aləti ifaçısı üçün “Evdikanın qisasının identifikasiyası” multimedial performansı, Rusiya təmsilçisi, bəstəkar Viktor Yekimovskinin solo bas klarnet üçün «Vida. Əbədi qayıdış» və «Balletto» tamaşası seçilmişdi. Həmçinin yunan əsilli fransız bəstəkarı Georq Aperghisin solo bas klarnet üçün və zərb alətləri ifaçısı üçün «Sevginin yeddi cinayəti» tamaşası, isveçrəli Daniel Ueissberqin iki gitaraçı üçün «Effoh» tamaşası, ABŞ bəstəkarı Con Cagenin «4"33» və Fərəc Qarayevin fleyta və iki gitaraçı üçün “Kiçik bir (qeyri-) tamaşa”sı («(K)ein kleines Schauspiel») ifa edildi.
Musiqi əsərlərindən ibarət bu qeyri-adi tamaşa Rusiya Teatr Sənəti Universitetinin V kurs tələbəsi Aleksey Smirnovun quruluşunda təqdim edildi.
Olsun ki, bu gün post-avanqrad musiqi cərəyanı, bu cərəyanda yaranan musiqi əsərlərinin ifa və təqdimat tərzi böyük dinləyici auditoriyasında eyni cür qarşılanmır. Amma hər şeyi zamanın axınına buraxmaq gərək. Cəsarətlə «Zamanla üz-üzə» dayandıqda çox axar sular öz məcrasını tapır.
Qeyd edək ki, “Zamanla üz-üzə” IV beynəlxalq musiqi layihəsi çərçivəsində növbəti konsert martın 4-də Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunacaq.
G.Mirməmməd