Hər bir övlada şərəf, şöhrət ilə şan atadır,
Başa tac, qəlbə fərəh, təxti-Süleyman atadır.
Bakira, öz yeri vardır atanın, övladın,
Nə qədər artsa da övlad, yenə sultan atadır.
                                                      Ə.Bakir

Hər bir insan üçün ata müqəddəs və doğmadır. Ata hər birimizin güvənc yeri, başımızın tacı, qürur mənbəyimizdir. Ataya məhəbbət bitib-tükənən deyil. Mənim bu yazımı qələmə almaqda məqsədim atama sonsuz məhəbbətimlə yanaşı, Azərbaycan musiqi ifaçılığında öz yeri, dəst-xətti olan tanınmış bir sənətkara hörmətimi ifadə etməkdir.
Ata məhəbbəti ilə sənətkar hörməti bir-birini tamamlasa da, mən daha çox sənətkar Təhmiraz Şirinovdan söhbət açacağam. Mənim musiqiçi olmağımda, musiqişünas kimi formalaşmağımda onun həm ata, həm də sənətkar kimi böyük zəhməti var. Məlahətli səsi ilə erkən yaşımdan başqa yaraq ruhumu musiqi ilə doğmalaşdırıb. Onun şirin səsindən eşitdiyim muğam, təsnif, xalq mahnılarımızı, eləcə də bəstəkar nəğmələrini sevə-sevə dinləyib, öz-özümə zümzümə edərək mənimsəyib, sonra da fortepianonun şirmayı dillərində səsləndirməyə çalışmışam.
Yaxşı yadımdadır ki, atam musiqiyə marağımı görüb əvvəlcə mənə uşaq oyuncağı olan balaca bir pianino almışdı. Mən öz kiçik pianinomda onun oxuduqlarını sanki təkrarlamağa çalışırdım. Sonra xalam Südabə xanım mənə əsl fortepiano hədiyyə etdi. Atam bu alətdə özü-özünü müşayiət edərək oxuyanda mən onun barmaqlarına diqqətlə baxar, onun kimi ifa etməyi arzulayardım.
Beləcə zaman keçdi. Atamın məsləhəti ilə əvvəlcə musiqi məktəbinə, sonra Musiqi Texnikumuna daxil olaraq, nəhayət, təhsilimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bakalavr və magistr mərhələlərində davam etdirdim. Bu təhsil illərimi o, sanki mənimlə qoşa addımlayıb. Tez-tez onunla məşqlər edirdik. Onun oxuduqlarını müşayiət edərkən sanki şirin hekayətini dinləyirdim. Elə indi də belədir. Yalnız fərq bundadır ki, mən indi bir şagird və tələbə nəzəri ilə deyil, atamı bir musiqişünas mövqeyindən dinləyirəm. Onun səsi, avazı indi mənə sənətkarlıq baxımından daha dolğun və müdrik hekayətlər söyləyir. Bu yerdə həmin şirin səsin hekayətindən bəzi məqamları oxucularımıza nəql edim.
Təhmiraz Məhyəddin oğlu Şirinov 1948-ci il martın 7-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində anadan olub. Orada orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gələrək burada iş və yaradıcılıq fəaliyyətinə başlayıb. Erkən yaşlarından oxumağa başlayıb. Atamın dediklərindən:
“Orta məktəbdə oxuyarkən öz-özümə zümzümələr edirdim. Bundan sinif yoldaşlarım və müəllimlərim xəbər tutdular. Dərsarası tənəffüslərdə məni oxudurdular. Mən də o vaxt radioda eşitdiyim mahnıları tez öyrənər və həvəslə oxuyardım. Beləliklə, bu sənətə aşiq oldum. Atam məni Ağdaş rayonunda texnikuma apardı ki, müəllimlik peşəsinə yiyələnim, oranı yarımçıq qoyub oxumadım. Çünki yeganə amalım xanəndə olmaq idi”.
Deyirlər, niyyətin hara, mənzilin ora. Müğənni olmaq həvəsi Təhmiraz Şirinovu S.Hacıbəyov adına Sumqayıt şəhər Musiqi Texnikumuna gətirir:
“Qəbul imtahanında “Rast” muğamından bir neçə şöbə oxudum. Hardan necə dedilərsə oxudum. İmtahana dostlarımla getmişdim. Sinifdən çıxan kimi onlara qoşulub məktəbdən uzaqlaşdım. Müəllimlər çıxıb məni axtarıblar, tapmayanda deyiblər ki, o oğlanı axtarıb tapın, ona “5” yazmışıq”.
Bu hadisə 1968-ci ilə aiddir. O vaxt Təhmiraz Şirinov kimya təmayüllü başqa bir texnikumda da təhsil alırmış. Paralel olaraq musiqi texnikumuna da qəbul olunur. Öz arzusuna çatan gənc xanəndə elə o illərdən professional səhnəyə qədəm qoyur. 1969-cu ildə respublikada keçirilən gənclər festivalında birinci dərəcəli diploma layiq görüldükdən sonra sənətə sevgisi daha da artır. El şənliklərində, konsert salonlarında çıxış edən gənc xanəndə sənətsevərlərin sevimlisinə çevrilir. Sumqayıt şəhərində musiqi müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Şəhərdə ilk musiqi kollektivinin yaradıcısı olan Təhmiraz Şirinov həmin ansamblla Sumqayıtla yanaşı, respublikanın müxtəlif bölgələrində uğurla çıxış edir, diplom və fəxri fərmanlarla mükafatlandırılır. Ən böyük mükafatlarından biri də ona ustad xanəndə Əlibaba Məmmədovun diqqəti və verdiyi qiymətdir.
Xalq artisti, professor Əlibaba Məmmədovun dediklərindən: “1975-ci il idi. Rəhbərlik etdiyim “Hümayun” ansamblına bir solist lazım idi. Bir gün nağaraçalan Səlim gəlib dedi ki, əmi, bir oxuyan var, bəlkə gəlsin? Dedim gəlsin. Səhəri gün Təhmiraz gəldi məşqə. Elə ilk avazından xoşum gəldi. Gördüm ki, onun səsi, sənəti heç kimə bənzəmir. Əgər müğənninin səsi məlahətlidirsə, səsin bəmi, ortası, zili varsa, ifası düzgündürsə, tələffüzü aydındırsa, demək o, əsl xanəndədir. Bu dediklərimin hamısı Təhmirazın sənətində cəmləşib. Ona görə də uzun illər onunla çox rahat işləmişik. 15 ildən çox Təhmirazın “Hümayun” ansamblının solisti olaraq həm respublikada, həm də onun hüdudlarından uzaqlarda çoxlu sayda uğurlu çıxışları olub. Bu illər ərzində o, bir sənətkar və bir insan kimi həm mənim, həm də ansambl üzvlərinin hörmətini qazanıb. Təhmiraz məlahətli səsi ilə musiqi mədəniyyətimizə gözəl töhfələr bəxş edib. Haqlı olaraq onu şirin səsli xanəndə adlandırırlar”.
Beləcə Təhmiraz Şirinov uzun illər “Hümayun” ansamblının və Azərbaycan Dövlət Konsert Birliyinin solisti kimi fəaliyyət göstərib. 1990-cı illərdən isə özü daha bir ansambl yaradıb. “Zirvə” adlı ansamblla respublikamızın şəhər və rayonlarında, cəbhə bölgələrində çıxışlar edib, xeyriyyə konsertləri verib. Onun Azərbaycan Televiziyası və Radiosunun fondunda lent yazıları qorunub saxlanılır.
Təhmiraz Şirinovun yaradıcılığında onun pedaqoji fəaliyyəti də geniş yer tutur. 30 ilə yaxın müddət ərzində o, gənclərə muğam və xalq musiqisinin sirlərini aşılayıb. Bu gün də öz yaradıcılıq və ifaçılıq fəaliyyətini davam etdirir.
Odur ki, pərəstişkarları bu şirin səsli xanəndədən yeni-yeni ifalar gözləyirlər. Mən də bu səsin hekayətini nəql etməklə sənətkar qarşısında öz mənəvi borcumu yetirməyə çalışdım. Ömrünün növbəti baharını qarşılayan sənətkara arzu və istəklərimi unudulmaz şairimiz Zəlimxan Yaqubun misraları ilə bildirirəm!

O qədər şirinləşsin, ömrün, günün, həyatın,
Nə sən doymaq biləsən, nə səndən doyan ola.


Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru