Martın 4-də Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV müasir musiqi layihəsinin ikinci konserti
keçirildi. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Jozef Haydnın 45№li “Vida simfoniyası” və Alfred Şnitkenin
«Bir saylı simfoniyası» səsləndi. Orkestrə Fuad İbrahimov dirijorluq edirdi.

Seçilmiş bu iki əsərin yazılma tarixləri arasında təxminən iki əsr fərq olsa da, onların arasında qəribə bir ruh yaxınlığı var.
Dövrünün əksər bəstəkarlarından fərqli olaraq, Jozef Haydn çox həyatsevər insan olub, onun bu xasiyyəti bəstələdiyi 108 (!) simfoniyada da özünü qabarıq büruzə verib. 45-ci simfoniyanın «Vida simfoniyası» adlanmasının isə maraqlı tarixçəsi var. Avstriya-macar knyazı Nikolo Esterqazinin saray kapelmeysteri işləyən bəstəkar özünü «təhkimli nökər» adlandırarmış. Maraqlıdır ki, musiqini çox sevən, öz kapelmeysterindən davamlı olaraq yeni əsərlər tələb edən knyaz musiqiçilərin də, Haydnın da məvacibini kəsər, lakin onların saraydan ayrılmasına imkan verməzmiş.
Nəhayət, bir gün Haydn elan edir ki, yeni simfoniya hazırdır. Knyaz qonaqlarını saraya toplayır, simfoniya ifa edilməyə başlayır. İfa zamanı məlum olur ki, «Vida simfoniyası» qəbul olunmuş qaydada dörd hissədən yox, beş hissədən ibarətdir. Üstəlik, iti tempdə olması gərəkən IV hissə şux yox, kədərlidir. Amma əsl sürpriz V hissədə gizlənibmiş. Musiqi çalınarkən valtorn ifaçılarından biri pupitrin böyründəki şamı söndürür və not dəftərini bağlayıb, səhnəni tərk edir. Bir-birinin ardınca musiqiçilər səhnəni tərk edirlər. O zamankı qaydalara görə, arxası orkestrə, üzü dinləyicilərə dirijorluq edən Haydn isə son iki violaçı səhnədə qalanadək «orkestri» idarə edir. Bəstəkarın bu fəndi musiqiçiləri pulsuzluqdan xilas edir və dünya musiqisinə görünməmiş finalla bitən maraqlı bir simfoniya bəxş edir.
Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində bu simfoniya ənənəvi qaydada, Haydnın «musiqili etiraz tətili» kimi başa çatsa da, ifaçılar səhnəyə Alfred Şnitkenin «1 saylı simfoniyası»nın sonluğu ilə - kilsə zənglərinin səslənməsi fonunda alətlərin üsyan edirmiş kimi hayqırtısı ilə qayıtdılar.
Yəqin ki, bu da təsadüfi deyildi. Sovet musiqisində «avanqard üçlüyün» üzvü kimi tanınan Alfred Şnitkenin «Zamanla üz-üzə» layihəsinə daxil edilmiş bu əsəri Azərbaycanda ilk dəfə ifa edilirdi. Alman-yəhudi əsilli rus sovet bəstəkarı A.Şnitke əsərlərindəki azadlıq və etiraz ruhuna görə uzun illər yaradıcılıq təqibinə məruz qalsa da, apardığı axtarışlardan zamanın hökmü ilə qalib çıxıb. Onun 1-ci simfoniyasının orkestr ifasında ayrı-ayrı musiqiçilərin improvizə imkanlarını nizamlamaq, ümumi ifa harmoniyasını qorumaq dirijordan böyük diqqət və səriştə tələb edir.
Konsert onu da sübuta yetirdi ki, Azərbaycan musiqiçiləri bu Avropa üslubunda da ifaçılıq məharətinə qabildirlər.
Məlumat üçün deyək ki, bu, «Zamanla üz-üzə” IV müasir musiqi layihəsində ikinci konsert idi. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin bədii rəhbəri olduğu bu layihənin növbəti bahar konsertləri aprel ayında keçiriləcək.

G.Mirməmməd