İtaliyada yaşayan gənc soydaşımız Azər Rzazadə məşhur La Skala Teatrının akademiyasında təhsil alır. Onun qazandığı uğurlara yalnız sevinməliyik. Daha böyük uğurlar isə qarşıdadır. Söhbətə Azər özü başlayır:

-1990-cı ildə Bakıda musiqiçi ailəsində anadan olmuşam. 160 saylı orta məktəbdə təhsil almışam. Məktəb vaxtlarımdan klassik musiqi ilə maraqlanır, ondan böyük zövq alırdım. Opera sənətinə vurulmuşdum. Həm də bilirdim ki, bu sənət insandan böyük istedad və zəhmət tələb edir. 2010-cu ildə peşəkar opera təhsili almaq üçün İtaliyaya gəldim, dünya şöhrətli musiqiçilərdən sənətin sirlərini öyrəndim. 2014-cü ildə isə böyük istəyimə çatdım, həsrətində olduğum La Skala Teatrının akademiyasına daxil oldum. İkinci ildir İtaliyanın Milan şəhərində təhsil alır və solist kimi La Skala səhnəsində çıxış edirəm.
- Atanız - Xalq artisti Zaur Rzayevin bu sənəti seçməyinizə münasibəti necə oldu?
- Atam öncə etiraz etdi, səsimi duyandan sonra mənə böyük dəstək verdi və dedi: “Mənim sənətdə edə bilmədiklərimi etməlisən”. Atam vokal təhsili alıb, onun səs tembrində opera çalarları var, amma opera janrını seçməyib.
- Azərbaycanda ilk vokal müəlliminiz kim olub?
- Öncə çox hörmət etdiyim Azər Zeynalovdan bir neçə dərs aldım. Sağ olsun ki, məni düzgün repertuar seçimi ilə təmin etdi, gərəkən dəstəyini göstərdi. Sonra Bakı Musiqi Akademiyasının hazırlıq kursuna daxil oldum, hörmətli professor Hüseyn Əliyevin sinfində inkişaf yolu keçdim. Onun üzərimdə çox böyük əməyi var.
- Bir sıra beynəlxalq uğurlarınız var. Bu barədə danışardınız...
- Beynəlxalq müsabiqələrin laureatı olmuşam, ölkəmizi dünya səhnələrində təmsil etmişəm. 2015-ci ildə La Skala səhnəsində debütüm oldu, çox məsuliyyətli anlar idi. Ona görə ki, məşhur dirijor Zubin Metanın rəhbərliyi altında “Aida” operasının premyerası keçirilirdi. Avropanın bir sıra telekanalları bu tamaşanı canlı yayımlayırdı. Yəqin ki, mənim həyəcanımı təsəvvür etmək çətin deyil.
- Orada fərdi konsertləriniz olurmu?
- Martın 21-də məşhur pianoçu Vinçenso Skaleranın müşayiəti altında La Skala səhnəsində konsert olacaq, orada mən “Otello” operasından Otello və Dezdemonanın duetini həmkarım Federika Lombardi ilə ifa edəcəyəm.
- Dünyanın məşhur vokal akademiyasında təhsil alırsınız. Sizə dünya şöhrətli opera müğənnilərindən kimlər dərs deyir?
- Burada mən Renato Bruson, Leo Nucci, Plasido Dominqo kimi məşhur sənətçilərdən dərs alıram. Eləcə də hazırda P.Dominqo ilə La Skala səhnəsini C.Verdinin “İki Foskari” operasında bölüşürəm.
- La Skala səhnəsində hansı rolları ifa etmisiniz?
- 2015-ci ildə dünya şöhrətli soprano Edita Qruberova ilə bu səhnəni bölüşmüşəm. “Toska” operasından Kavaradossi və Toskanın duetində çıxış etmişəm, “Maqbet”də Makdufun ariyasını oxumuşam. Bu yaxınlarda isə, dediyim kimi, “Otello” operasından Otello və Dezdemonanın duetində oxuyacağam. Tamaşalara gəldikdə isə, “Aida” operasında Messaqqero, “Riqoletto”da Borsa, “İki Foskari” operasında Fante, “Turandot” operasında isə fars şahzadəsi partiyalarını ifa etmişəm.
- Təhsil aldıqdan sonra Vətənə dönmək fikriniz varmı?
- Hədəfim peşəkar olmaqdır. Tək sənət baxımından deyil, həm də insan kimi inkişafı dayandırmamaqdır. Seçdiyim sənət dünyəvidir. Ona görə də ölkəmi dünya səviyyəsində təmsil etməkdən qürur duyuram.

S.Soltanlı