Astanada SSRİ Xalq artisti, görkəmli qazax bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq Erkeqali Raxmadiyev adına dirijor və vokal ifaçılarının birinci beynəlxalq müsabiqəsi keçirilib.
Beynəlxalq müsabiqədə Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən 100-dən çox gənc dirijor və müğənni iştirak edib. Müsabiqənin təşkilat komitəsinə Qazaxıstan İncəsənət Universitetinin rektoru, professor, tanınmış skripka ifaçısı Ayman Musaxodjayeva sədrlik edib. Münsiflər heyətində tanınmış sənət adamları ilə yanaşı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev də təmsil olunub. Münsiflər gənc ifaçıları dinləyib və ən layiqlilərini qiymətləndirib.
Qaliblərin təqdimat mərasimi və yekin konserti Qazaxıstan Dövlət İncəsənət Universitetinin böyük zalında keçirilib. Mərasimdə Əyyub Quliyevin dirijorluğu ilə Qazaxıstan Dövlət İncəsənət Universitetinin orkestri və müsabiqənin laureatları çıxış edib.
Müsabiqə proqramı çərçivəsində musiqişünas alimlərin beynəlxalq elmi-praktik konfransı və münsiflər heyəti üzvlərinin ustad dərsləri də keçirilib.