Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib
Aprelin 4-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tədris ocağının və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsinin açılışı oldu.
Tədbiri Bakı Musiqi Akademiyasının rektoru, professor, müsabiqənin təşkilat komitəsinin sədri Fərhad Bədəlbəyli açaraq əvvəlcə bütün ölkə ictimaiyyətinin diqqət kəsildiyi mövzudan, cəbhə bölgəsində baş verənlərdən danışdı, hərbçilərimizə zəfər arzuladı.
Sonra elmi-ifaçılıq müsabiqəsi barədə fikirlərini bölüşən rektor bildirdi ki, Qara Qarayev dahi musiqiçi və böyük şəxsiyyət idi. Respublikamızın bir çox tanınmış bəstəkarları onun tələbəsi olub. Dahi bəstəkarın adını daşıyan müsabiqənin də məqsədi Qara Qarayev yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi, müəllimlərin professional biliklərinin təkmilləşdirilməsi və müasir musiqi mədəniyyətinin tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsidir.
Bildirdi ki, layihənin müəllifi, bədii rəhbəri və münsiflər heyətinin həmsədri sənətşünaslıq doktoru, professor, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru Tərlan Seyidovdur. Elmi-ifaçılıq müsabiqəsi həm şagirdlər, həm də onların müəllimləri üçün parlaq ustalıq məktəbidir.
Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək nazir Əbülfəs Qarayevin adından tədbir iştirakçılarını salamladı, müsabiqəyə qatılanlara müvəffəqiyyət arzuladı.
Şöbə müdiri 2010-cu ildə Bakıda Qara Qarayev adına birinci elmi-ifaçılıq müsabiqəsinin keçirildiyini xatırladaraq qeyd etdi ki, həmin müsabiqədən sonra musiqi təcrübəsinin bu yeni növü respublikamızın hüdudlarından kənara çıxdı. 2015-ci ilin may ayında P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor Tərlan Seyidovun sədrliyi ilə onun müəllif layihəsinə əsasən “Müasir bəstəkarların yaradıcılığının mədəni-maarif məkanı” adlı beynəlxalq elmi-ifaçılıq konfransı təşkil olundu.
Sonra o, Q.Qarayevin əsərlərindən, yaradıcılığından söz açdı. Qeyd etdi ki, böyük bəstəkar əsərlərinin demək olar ki, hamısını vətənpərvərlik ruhunda yazıb. Gənclərimiz də daima vətənpərvər ruhda olmalıdır.
Xalq artisti Xuraman Qasımova respublika elmi-ifaçılıq müsabiqəsinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu kimi tədbirlərin uğurlu nəticələri ildən-ilə genişlənir. Birinci müsabiqəyə 13 rayondan 138 musiqiçi qatılmışdısa, bugünkü müsabiqədə iki dəfə çox musiqiçi iştirak edir. Xalq artisti müsabiqə iştirakçılarına uğurlar arzu etdi.
Açılış mərasimindən sonra fortepiano üzrə dinləmələrə başlanıldı. Müsabiqəyə Bakı və respublikanın 26 bölgəsinin uşaq musiqi və incəsənət məktəblərindən 290-dək gənc musiqiçi qatılıb. Beş nominasiya üzrə (fortepiano, simli alətlər, orkestr alətləri, Azərbaycan xalq çalğı alətləri, solo oxuma) keçirilən müsabiqə aprelin 18-dək davam edəcək.
Savalan Fərəcov