Musiqi məktəblərinin birgə konsert proqramı
Aprelin 4-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində bəstəkar, Xalq artisti Emin Sabitoğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Xatirə gecəsində K.Səfərəliyeva adına 16 saylı uşaq musiqi məktəbi və gözdən əlil uşaqlar üçün 38 saylı onbirillik musiqi məktəbi birgə “Gün keçdi” adlı konsert proqramı təqdim etdilər.
İlk olaraq qonaqlar Emin Sabitoğlunun həyat və yaradıcılığını əks etdirən video slaydla tanış oldular, dövlət televiziyasının bəstəkara həsr etdiyi sənədli filmlərdən fraqmentlər nümayiş olundu.
Sonra məktəbin şagird və müəllim kollektivinin ifasında bəstəkarın teatr tamaşalarına, filmlərə bəstələdiyi musiqiləri və məşhur mahnıları ifa edildi. “Gün keçdi” filmindən musiqi, “Ayrılma məndən”, “Güllər”, “Çiçək yağışı”, “Şükriyyə”, “Bu gecə”, “Bakı, sabahın xeyir”, “Azərbaycan” və digər mahnılar alqışlarla qarşılandı.
Konsertin sonunda çıxış edən 16 saylı musiqi məktəbinin direktoru Fikrət Budaqov və gözdən əlil uşaqlar üçün 38 saylı musiqi məktəbinin direktoru Əsab Əliyev tədbirin təşkilatçılığı üçün yaradılan şəraitə görə də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəhbərliyinə təşəkkürlərini bildirdilər, Emin Sabitoğlunun Azərbaycan musiqisinə töhfələrindən söz açdılar.
Tədbirdə iştirak edən bəstəkarın qızı, musiqişünas, BMA-nın professoru Ceyran Mahmudova atasının xatirəsinə göstərilən diqqətə görə məktəblərin rəhbərliyinə minnətdarlığını ifadə etdi və Bəstəkarlar İttifaqının Emin Sabitoğlu haqqında nəşr etdirdiyi kitabları tədris ocaqlarının kitabxanalarına hədiyyə etdi.
Xatirə tədbirində qonaq qismində iştirak edənlər sırasında Xalq artisti Flora Kərimova, Əməkdar artist Azad Şükürov, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə də var idi. Flora Kərimova çıxış edərək özünün müğənni kimi tanınmasında, repertuarının sevilməsində əvəzsiz xidməti olan 2-3 bəstəkardan birinin Emin Sabitoğlu olduğunu vurğuladı. Xalq artisti əlavə etdi ki, nə qədər ki, gənc nəsil bəstəkarın mahnılarını sevir, ifa edir, demək o, əbədi yaşayacaq.
Azad Şükürov bəstəkarın ən çox müraciət etdiyi şair Rəsul Rzanın yaradıcılığından şeirlər səsləndirdi. Konsert proqramı “Azərbaycan” mahnısının coşqun sədaları ilə sona yetdi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və paytaxtın musiqi məktəblərinin əməkdaşları iştirak edirdi.
Lalə Azəri