Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un təşəbbüsü ilə qardaş xalqların musiqi sənətçilərindən ibarət böyük bir heyət Novruz bayramı münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində möhtəşəm konsert proqramları ilə çıxış edib.
Qeyd edək ki, Azərbaycanı tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi heyət təmsil edirdi. Heyətə Əməkdar artist Mircavad Cəfərovun rəhbərliyi ilə “Cəngi” estrada folklor ansamblı və Aşıq Əli daxil idi. Eyni zamanda türk ölkələrinin birləşmiş orkestrində iki azərbaycanlı solist - tar və kamança ifaçıları Şəhriyar Musayev və Mircavid Cəfərov yer almışdı.
15 türkdilli ölkə və diyardan 150-dək sənətçinin yer aldığı heyətin son çıxışı aprelin 1-də ABŞ paytaxtındakı “Uorner” teatrının səhnəsində gerçəkləşib. Teatrın zalını doldurmuş 2 minədək tamaşaçı ümumtürk musiqi sənətinin təntənəsi olan proqramı böyük coşqu və rəğbətlə izləyib.
Qırğız, qazax, türk, türkmən melodiyaları, qazax, Azərbaycan, Türkiyə, qırğız, monqol rəqsləri, zərif xoreoqrafiya kompozisiyaları parlaq bayram şousu ilə birləşib. Virtuoz ifaçıların çıxışları ilə türk xalqlarının musiqi yaradıcılığı yüksək səviyyədə təqdim olunub.
“Azərbaycan rübabı, qırğız qopuzu, türk balabanı, qazax dombrası, şerteri türkdilli xalqlar arasında bir körpü rolu oynadı”, - deyə Qazaxıstanın Əməkdar mədəniyyət xadimi Baqdad Tiligenov qeyd edib.
Amerikalı tamaşaçılar da öz coşqulu reaksiyasını gizlətməyib və proqramı böyük hərarətlə qarşılayıblar. Onlardan bəzilərinin ürək sözlərini təqdim edirik.
Morqan Streym Universitetinin idarə heyətinin üzvü Reymond Terri:
“Bu unudulmaz şou türk xalqları mədəniyyətinin real dialoqu idi. Mən beynəlxalq əlaqələrlə məşğul oluram. Ona görə də bu konsertin səviyyəsini və şöhrətini görürəm”.
Aron Melou: “Düşünürəm ki, bu fenomenal konsert idi və mən burada olduğuma görə şadam. Müxtəlif türk xalqlarının milli geyim və xoreoqrafiyasını görmək insanı ovsunlayır”.
Biznesmen və prodüser Tom Xanney: “Bu, çox möhtəşəm çıxış idi və belə demək mümkünsə, 15 ölkəni eyni səhnədə bir yerdə görə bildik. Buna sadəcə inanmaq olmurdu. Buna görə TÜRKSOY-a minnətdarlıq etmək istəyirəm”.