Özü Kanadada, ürəyi Azərbaycanla olan bəstəkar
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış simaları içərisində Əməkdar incəsənət xadimi Adil Bəbirovun da öz yeri, öz dəst-xətti var. Onun adı çəkilən kimi neçə-neçə gözəl mahnılar düşür yadımıza. “İncitmə məni”, “Ana laylası”, “Bilirsən özün”, “Həyat eşqi”, “Könlümüz”, “Özünlə apar” və başqaları məhz belə unudulmaz nəğmələrdəndir.
Bəstəkar özü mahnı yaradıcılığı haqqında belə deyir: “Mən mahnı yazanda əvvəlcədən onun mövzusunun nədən ibarət olduğunu qarşıma məqsəd qoymuram, sadəcə şeir məni həyəcanlandırmalıdır. Mövzu dairəsi, obrazlar aləmi mənə uyğun gəlməlidir. Onu da deyim ki, ana mövzusu mahnılarım da təsadüfi yer tutmur. Mahnılarıma söz seçdiyim zaman bu mövzunun məni cəlb etdiyini özüm də hiss etmişəm. Musiqi mənim həyatımdır. Bir an belə özümü musiqisiz təsəvvür edə bilmirəm”.
Adil Bəbirov müxtəlif janrlarda əsərlər, o cümlədən sənədli filmlərə, radio tamaşalarına musiqilər yazıb. Onun əsərləri içərisində fortepiano üçün konserti, “Skertso”, “Tokkata” bu kimi müxtəlif səpkili pyesləri professional musiqimizə gözəl töhfələrdir.
Bəstəkarın əsərləri milli köklər zəminində yaranan və klassik üslublara cavab verən sənət nümunələridir. Bu əsərlər haqqında sənətkarlarımız həmişə yüksək fikirdə olublar. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin dəyərli fikirləri bəstəkarın yaradıcılıq yolunu dolğun şəkildə xarakterizə edir: “Adil Bəbirov lirik bəstəkardır. Onun mahnılarının hər notu gül qönçəsi kimi ətirli, bahar selləri kimi şaqraq, dan yerinin şəfəqi kimi işıqlıdır. Onun mahnıları dinləyicinin qəlbini ümidlə, işıqla həyat eşqi ilə doldurur. Hər səs, hər xal düz hədəfə dəyir. Mahnıların hədəfi isə ürəklərdir. O, ürəklə yaradır. Ona görə də ürəklərə tez yol tapa bilir. Xalq demişkən - ürəkdən gəlməyən ürəyə yatmaz. Mənə elə gəlir ki, sənətin çarpan ürəyi səmimiyyətdir”.
Bəxtiyar Vahabzadənin bu fikirləri Adil Bəbirovun yalnız mahnılarında deyil, ümumiyyətlə, musiqi dilinin melodik çalarlarında öz əksini tapır. Bəstəkarın mahnılarını sevə-sevə ifa edən və dinləyicilərə də sevdirən Xalq artisti Elmira Rəhimovanın dediklərindən: “Adil Bəbirovun mahnıları Azərbaycan musiqi yaradıcılığının mühüm bir şaxəsini təşkil edir. Amma, mənə elə gəlir ki, o, az mahnı yazıb. Bəlkə musiqinin müxtəlif janrlarında işləri ona mahnı yazmağa imkan vermir. Məni onun yaradıcılığı ilə bağlayan mahnılarındakı sənətkarlıq, yüksək bəstəkarlıq mədəniyyətidir. Onun mahnıları tez ürəyəyatandır. Belə həssas qəlbli musiqiçi ilə işləmək mənə çox böyük zövq verir”.
Adil Bəbirovun musiqisi ona görə sevilir ki, bu əsərlər böyük sevgi hissi ilə yaranıb. Bu həyata, sənətə və xalqa olan sevgidir. Hazırda vətənindən uzaqda yaşayan bəstəkar orada da bu sevgi hissi ilə yazıb-yaradır. Kanadada Azərbaycan musiqisini təbliğ və təmsil edən bəstəkarın bu yaxınlarda 82 yaşı tamam oldu. Onunla telefon əlaqəsi yaradaraq həm bu münasibətlə təbriklərimizi çatdırdıq, həm də son illərdəki fəaliyyəti haqqında fikirlərini qələmə aldıq:
“Əvvəla, bütün xalqımıza bu uzaq ölkədən salamlarımı yetirirəm. İnanın, bu qədər vətəndən uzaqda olsam da, bir an belə Azərbaycanı unutmuram. Heç unuda bilmərəm də. Çünki mən həmişə vətən eşqi ilə yaşamışam, bu eşqlə yazıb-yaratmışam. Burada da elə o hisslərlə yaşayır, doğma Azərbaycanımızı şərəflə təmsil etməyə çalışıram. Belə ki, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlərin təşkilində yaxından iştirak edir, yeni əsərlərimi burada fəaliyyət göstərən orkestrlərə təqdim edirəm. Bu yaxınlarda kamera orkestri yeni əsərimi ifa etdi. Fikrim var ki, həmin əsərin notlarını Bakıya göndərim ki, Qara Qarayev adına Kamera Orkestri də ifa etsin.
Mahnı janrında da işləyirəm. Bəxtiyar Vahabzadənin sözlərinə bir neçə yeni mahnılarım var. Burada bir azərbaycanlı müğənni var, konsertlərdə mənim fortepiano müşayiətimlə mahnılarımı o xanım ifa edir. Bir dəqiqə belə musiqidən uzaq deyiləm. Sənətimin, düşüncələrimin, hisslərimin ifadəçisi doğma Vətənimin səsi-sədasıdır. Özüm Kanadada olsam da, ürəyim Azərbaycanladır. Tez-tez dostlarımla, həmkarlarımla əlaqə saxlayır, hətta yaradıcılıq ideyalarımı da onlarla bölüşürəm. İyun ayında Bakıya gələrək yeni əsərlərimi sənətsevərlərə təqdim etmək istəyirəm”.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru