Paskal Konte və “Səyyah kvartet” paytaxtımızda konsert verəcək
Mayın 5-də Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte və “Səyyah kvartet”in konserti keçiriləcək. “Latın inciləri” adlı konsertdə məşhur tanqo musiqiləri yeni tərz və aranjimanda təqdim olunacaq.
Qeyd edək ki, indiyə qədər bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv bu konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.
Akkordeon ustası Paskal Konte 20 ildən artıqdır ki, Fransada müasir musiqinin yaradılmasında aparıcı rol oynayır. 300-dək yeni əsərin yaranması onun adı ilə bağlıdır, həmçinin teatr üçün musiqilər bəstələyib.
“Səyyah kvartet”in üzvləri - An Qravuan, Matild Sterna, David Braçini və Vinsan Paskie çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb.
Skripkaçı An Qravuan Parisin Musiqi Konservatoriyasının əsas mükafatına layiq görülüb. 25 ildən artıqdır ki, böyük simfonik, eləcə də kiçik kamera orkestrləri ilə birgə konsertlər verir.
Violonçel ifaçısı Matild Sterna Paris Milli Konservatoriyasının violonçel və kamera musiqisi üzrə əsas mükafatına layiq görülüb.
Skripkaçı David Braçini Bastiya, Paris və Lozanna konservatoriyalarında təhsil alıb. Müxtəlif ansamblların tərkibində ifa edir, 2008-ci ildən Paris Orkestrinin üzvüdür.
Kontrabas ifaçısı Vinsan Paskie də Paris Orkestrinin solistidir, həmçinin bəstəkar kimi fəaliyyət göstərir.