Avropa Qran-prisi zamanı azarkeşlərə böyük əyləncə proqramı təqdim olunacaq
İyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisi çərçivəsində təşkil olunacaq konsert proqramlarında üç dünya ulduzu öz ifaları ilə azarkeşləri əyləndirəcək. Proqramda Kris Braun, Enrike İqlesias və Farrell Uilyamsın iştirakı gözlənilir. Onlar “Formula-1” şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.
Proqrama əsasən, iyunun 17-də Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə azarkeş qarşısında özünün məşhur hitlərini ifa edəcək.
İyunun 18-də səhnədə canlı musiqi ifa etməkdə ad çıxarmış Enrike İqlesias yer alacaq. “Latın pop musiqisinin kralı” kimi tanınan ispan əsilli müğənni təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən “Formula-1” şəhərciyində çıxış edəcək.
Yarışların sonuncu günü isə amerikalı ifaçı, bəstəkar və prodüser Farrell Uilyams əsas səhnədə yer alaraq öz musiqi proqramı ilə 2016-cı il “Formula-1” Avropa Qran-prisinə yekun vuracaq.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında “Formula-1” şəhərciyində bir neçə səhnənin qurulacağını bildirərək deyib: “Bilet alanlar yarışı izləməklə yanaşı, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı qazanacaqlar. Onlar həmçinin GP 2 yarışlarına da tamaşa edə biləcəklər. Biz özümüz üçün Sinqapur proqramını seçmişik. Məqsədimiz Avropa Qran-prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir”.
Konsertə giriş pulsuz olacaq. Konsertdə yalnız Avropa Qran-prisinə bilet alan tamaşaçılar iştirak edə biləcəklər.