Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə R.Babayev adına 25 saylı onbirillik musiqi məktəbi Xalq artisti, görkəmli cazmen Rafiq Babayevin 80 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib. Konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında keçirilib.
Tədbirdə Xalq artisti, bəstəkar, akademik Arif Məlikov, Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Əməkdar incəsənət xadimi, professor, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova çıxış edərək Rafiq Babayevin bənzərsiz yaradıcılığından və sənət yolundan söhbət açıblar.
Məktəbin müəllim və şagird kollektivi konsertdə Q.Qarayev, A.Məlikov, F.Ris, G.Miller, O.Kazımi, R.Babayev, V.Allahverdiyev, P.Axundova və digər bəstəkarların əsərlərindən ibarət zəngin proqramla çıxış ediblər.
Tədbirdə gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları, mədəniyyət xadimləri iştirak ediblər.
Sonda Rafiq Babayevin ailəsi adından həyat yoldaşı Fəridə Babayeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.