Xalq çalğı alətləri orkestri Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə konsert verib
Mayın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirildi.
Konsert proqramı 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuşdu. Proqramda Üzeyir Hacıbəylinin "1 saylı fantaziya", "Sənsiz", Səid Rüstəmovun "Hardasan", "Oxu, tar", "Getmə", Cahangir Cahangirovun "Zərif gülüşünlə", "Ana", Tofiq Quliyevin "Sənə də qalmaz", Hacı Xanməmmədovun "Gözünə qurban" mahnıları ifa olundu.
Həmçinin Müslüm Maqomayevin "Azərbaycan", Fikrət Əmirovun "Min bir gecə" baletindən Şəhrizadın şənliyi, Vittorio Montinin "Çardaş", Pyotr Çaykovskinin "Neopolitan mahnısı" əsərləri səsləndirildi.
Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev idi.
Fariz Hüseynov