Mayın 27-də Abşeron rayon Mədəniyyət Mərkəzində gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı Fidan Əmişovanın Respublika Gününə həsr olunmuş solo konserti keçirildi. Konsertdə ilk olaraq aprelin əvvəllərində gedən döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr olunan kompozisiya ifa olundu.
Proqramda Üzeyr Hacıbəylinin “Cəngi”, Vasif Adıgözəlovun “Qərənfil”, Musa Mirzəyevin “Marş”, Fikrət Əmirovun “Azərbaycan elləri” mahnıları səsləndirildi.
Gənc pianoçu həmçinin konsertdə İ.S.Baxın “3 səsli invensiya g-moll”, L.V. Bethovenin “Sonata №1 op.2”, F.Şubertin “Musiqi anı №3 fmoll”, F.Şopen “Mazurka №1 op.67”, “Prelüd №4 e-moll”, D.Şostakoviçin “Adajio” əsərlərini ifa etdi. Konsert proqramı böyük maraqla qarşılandı.
Qeyd edək ki, Xırdalan şəhər musiqi məktəbinin 7-ci sinif şagirdi olan Fidan Əmişova 2013-cü ildə Serbiyanın Belqrad şəhərində keçirilən gənc pianoçuların IX “Davorin Yenko” beynəlxalq musiqi müsabiqəsində I yerə, 2014-cü ildə Bakıda islam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının müsabiqəsində III yerə layiq görülüb. Xırdalan musiqi məktəbinin müəlliməsi Arzu Manafovanın yetirməsi olan ifaçı həmçinin 2014-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi “İstedadlı uşaqlar festivalı”nda diplomla təltif olunub.

Fariz