İyunun 3-də “Kapelhaus”da Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin ənənəvi hesabat konserti keçirildi. Tədbir 28 May - Respublika Günü və 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmişdi.

Konsert rəngarəng proqramla yanaşı, ifa olunan musiqi alətlərinin müxtəlifliyi ilə də diqqət çəkirdi. Məktəbin nəzdində yeni yaradılan “İncilər” vokal ansamblının çıxışı ilə başlayan konsertdə ilk olaraq “Sarı gəlin” və “Gül açdı” xalq mahnıları təqdim olundu.
Hər məktəbin özünəməxsus repertuarı və ifaçılıq texnikasının olması bu konsertdə də nəzərə çarpırdı. Belə ki, milli musiqi alətlərimizlə yanaşı, skripka, fleyta, truba və gitarada ifa edənlər də bu alətlərin səciyyəvi xüsusiyyətlərini dinləyicilərə çatdırmağa nail oldular.
Şagirdlərdən Dilruba Əlizadə (kamança), Nurcan Həmidli (skripka), Səyyarə Əliyeva (fleyta), Xalid Heybətov (truba), Emil Naqornı (fortepiano), Ayat Baxşıyev (tar) və digərlərinin çıxışları maraqla qarşılandı. Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı daha bir tədris ilinin uğurla yekunlaşdığından xəbər verirdi.
Sonda məktəbin direktoru Fikrət Budaqov tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi, müəllim kollektivini və şagirdləri uğurlu çıxış münasibətilə təbrik etdi.
Hesabat konsertində Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbər şəxsləri, paytaxtın musiqi məktəblərinin direktorları iştirak edirdi.

Lalə