Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun ötən ildən başlanan 100 illik yubiley tədbirləri bu gün də müxtəlif konsertlər, xatirə mərasimləri ilə davam etməkdədir. Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi də bu silsilədən tədbirlər keçirib. Musiqi məktəbi həmçinin artıq neçə illərdir ki, sənətkarın xatirə günü (9 iyun 1989) ərəfəsində onun tərəfindən təməli qoyulan Mahnı Teatrında konsert proqramı təqdim edir.

İyunun 7-də musiqi məktəbi kollektivinin sənətkarın anım gününə həsr edilmiş konserti üçün də zəngin proqram tərtib edilmişdi.
Məktəbin direktoru Qəmər Quliyeva bildirdi ki, tədris ocağı 16 ildir ki, bu ənənəni davam etdirir. Qeyd etdi ki, bu, məktəbimizin 4 ay ərzində təqdim etdiyi 3-cü möhtəşəm konsertdir və hər proqram xüsusi olaraq tərtib edilir, hər konsertdə yeni adlar parlayır: “Bugünkü konsertdə iki yeni ad - I sinif şagirdlərimiz Aymar Babayev (fortepiano) və Teymur Kərimlinin (fortepiano) çıxışlarını izləmək imkanınız olacaq. 11-ci sinif şagirdi, Prezident təqaüdçümüz Əli Məlikov (tar) artıq məktəbdən məzun olur. VII sinif şagirdi Nazənin Hüseynzadə, Reyhan Abdulcəlilova (fortepiano) və digərləri hər zaman gözəl ifa nümayiş etdirirlər. Əfsus ki, istedadlı şagirdlərin çoxu sonradan musiqi yolu ilə getmir, başqa sahəni seçirlər. Amma hər kəsin həyatda öz yolu var. İnanıram ki, bu uşaqların musiqi məktəbində aldıqları tərbiyə və qazandıqları mənəvi dünya onların gələcək həyatlarında böyük rol oynayacaq”.
Unudulmaz səs sahibi Rəşid Behbudovun Mahnı Teatrının səhnəsindən zala boylanan portreti və bu portret qarşısında imtahan verirmiş kimi düzülən yeniyetmə və gənc musiqiçilər növbəti konsertin həyəcanını yaşayırlar. Məktəbin direktoru Qəmər Quliyeva ilk notların ifasına qədər səhnədə şagirdlərinə dəstək verir. Müəllimlər də konsertin başlandığı ana qədər həyəcanlı görünürlər. Amma çox qəribədir ki, bütün bu həyəcan və narahatlıq ilk musiqi sədasından sonra yavaş-yavaş qeyb olur, gərginliyi çöhrələrdəki sevinc və razılıq əlaməti əvəz edir.
Qeyd edim ki, bu il ərzində Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin artıq 3-cü konsertini izləyirəm və hər konsert özəl proqramı, fərqli musiqi nömrələri və təkmilləşən ifalarla yadda qalır.
Gecə məktəbin xalq çalğı alətləri orkestrinin ifası ilə başlandı. Səhnədə orkestrin və məktəbin birləşmiş xorunun möhtəşəm həmahəngliyində Rauf Hacıyevin “Azərbaycanım”, Vasif Adıgözəlovun “Bayram süitası”, Tofiq Quliyevin “Ögey ana” filmindən musiqi, A.Vivaldi, Cahangir Cahangirov, Süleyman Ələsgərovun əsərləri səslənir. Onu da qeyd edək ki, bir məktəbdə üç kollektivin (xalq çalğı alətləri orkestri, skripkaçılar ansamblı və birləşmiş xor kollektivi) fəaliyyət göstərməsi yüksək göstəricidir.
V sinif şagirdi Aytac Qurbanova (fortepiano), III sinif şagirdləri Nail Qurbanov (skripka), Aysu Xəlilova (fortepiano), I sinif şagirdi Teymur Kərimli (fortepiano), III sinif şagirdləri Nurlan Mustafazadə və Kamran Bağırov (fortepiano), VIII sinif şagirdi Zabitə Nəsirli (kamança) və digərlərinin çıxışları bir-birini əvəzlədikcə həm Qəmər xanımın, həm də valideynlərin sevincini sezmək çətin deyildi.
Konsert boyu bir-birindən rəngarəng 23 musiqi nömrəsi ilə məktəbin 50-dək şagirdi səhnəyə çıxdı. Hər çıxış tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Böyük sənətkar Rəşid Behbudovun anım gününə həsr edilən konsert proqramı uğurla və tamaşaçıların gur alqış sədaları altında sona yetdi.

Lalə