Avropa Şurasına üzv olan dövlətlərin Mədəniyyət Nazirlərinin "Mədəniyyətlərarası dialoq- Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda Bakıda keçiriləcək toplantıya az vaxt qalıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə reallaşacaq bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, respublikamız həm Avropa Şurasına, həm də İSESKO-ya üzv olan yeganə dövlət olmaq imkanından bəhrələnərək Avropa ilə İslam dünyası arasında mədəniyyət körpüsü rolunu oynayacaq. Bununla da, iki sivilizasiya arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan bu konfrans beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun qaldırılması baxımından çox faydalıdır. Dekabrın 3-də baş tutacaq tədbirlə bağlı qəzetimizdə AŞ-yə üzv olan ölkələrin Bakıdakı səfirləri və mədəniyyət atteşeləri ilə müsahibələr dərc olunub. Ənənəyə sadiq qalıb konfrans ərəfəsində Avropa Şurasının baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Koteklə həmsöhbət olduq. - Xanım Kotek, istərdik əvvəlcə Avropa Şurasının mədəniyyət sahəsində fəaliyyəti haqqında məlumat verərsiniz. Qurumun mədəniyyət sahəsindəki əsas prioritetləri nədən ibarətdir? - Avropa Şurasının məqsədi demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində üzv dövlətləri ilə birgə çalışaraq onların arasında ali birliyə nail olmaqdır. Bu məqsədə effektiv şəkildə nail olunması üçün mədəniyyət mühüm komponent və əsas faktor hesab edilir. Avropa Şurasının mədəniyyət və mədəni irslə bağlı fəaliyyətləri müəyyən konvensiyalar və onların tətbiqi, siyasi istiqamətlərin və təcrübələrin təhlili və inkişaf etdirilməsi, üzv dövlətlərə texniki yardım göstərilməsi, eləcə də xüsusi ictimai maarifləndirmə təşəbbüsləri ətrafında mərkəzləşib. - Ümumiyyətlə, bu qurum üçün dövlətlərarası mədəni dialoq nə deməkdir? - Biz tez-tez birliyə şərait yaradılmasından danışırıq, əslində isə burada söhbət müxtəlifliyin birliyindən gedir. Avropadakı zəngin irsimizə görə özümüzün mədəni müxtəlifliyimizə və müxtəlifliyə qarşı göstərdiyimiz tolerantlıq və dözümlülüyə minnətdar olmalıyıq. Bu, İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyası (ECRI) və Avropa Şurasının Konvensiyaları və onlarla bağlı digər sənədlər vasitəsilə qorunmalı və daha da möhkəmləndirilməlidir. Dövlətlərarası mədəni dialoq prosesi də məhz Avropada sahib olduğumuz mədəni və dini müxtəlifliklə bağlı üzv dövlətlərimiz arasında mövcud olan dialoqdur. - Sizcə, Azərbaycan Avropa Şurasına üzv dövlət kimi qurumun mədəniyyət sahəsində olan standartlara uyğun gəlirmi? - Avropa Şurasının əsasında müxtəlifliyə hörmət dayanır, bu baxımdan Azərbaycan Ümumavropa layihəsinin tələblərinə cavab verir. - Bildiyiniz kimi, bu il dekabrın 3-də Bakı Avropa Şurasına üzv olan dövlətlərin Mədəniyyət Nazirlərinin toplantısına ev sahibliyi edəcək. Bir neçə həftə əvvəl Azərbaycan Respublikasının Prezidenti bu barədə sərəncam imzaladı. Mümkünsə, buna münasibətinizi bildirərdiniz. - Bu ölkədə belə bir hadisənin baş verməsindən məmnunam. Azərbaycan Avropa Şurasına nisbətən yeni üzv olan ölkələrdəndir, lakin belə bir hadisəyə ev sahibliyi etməklə Azərbaycan, təşkilatımıza üzvlük məsələsinin onun üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini və xüsusilə də özünün mədənəiyyətlərarası dialoqa şərait yaratması ilə bağlı məsuliyyətini nümayiş etdirir. - Bu günə qədər belə bir toplantı başqa ölkədə keçirilibmi? - Belə formada yox, ancaq cavabımın aydın olması üçün prosesin necə başlandığını izah etməliyəm. 2005-ci ildə Varşavada keçirilən Dövlət və Hökümət Başçılarının Üçüncü Zirvə Toplantısı mədəniyyətlərarası dialoqu maarifləndirməni, anlayışı, barışığı və tolerantlığı təbliğ və təşviq etmək üçün vasitə olaraq müəyyənləşdirdi. Elə həmin ildə mədəniyyət nazirləri "Mədəniyyətlərarası Dialoqun İnkişaf Etdirilməsi ilə bağlı Avropa Şurasının Strategiyası haqqında Faro Bəyannaməsi"ni qəbul edərək, sənəddə Mədəniyyətlərarası Dialoqla bağlı “Bəyaz Kitab” hazırlanmasını tövsiyə etdilər. Bu isə öz növbəsində aidiyyəti olan müxtəlif qurumlar arasında regional görüşlər kimi müxtəlif formalarda əhatəli və geniş məsləhət prosesinin başlanması ilə nəticələndi. Qeyd olunan proses 7 may 2008-ci il tarixində Avropa Şurası Nazirlər Komitəsi tərəfindən Mədəniyyətlərarası Dialoqla bağlı “Bəyaz Kitab”ın qəbul edilməsi ilə özünün kuliminasiya nöqtəsinə çatdı. “Bəyaz Kitab”ın məqsədi Avropa cəmiyyətləri arasında və onların öz daxilində intensiv mədəniyyətərarası dialoqu, həmçinin Avropa ilə qonşuları arasındakı dialoqu təşviq etməyin yollarını müəyyənləşdirməkdir. Başqa sözlə, onun alt başlığında qeyd olunduğu kimi, “Bəyaz Kitab” "Bərabər Ləyaqətlilər kimi Birlikdə Yaşamaq" haqqındadır. - Necə düşünürsünüz, nə üçün məhz Avropa Şurasına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin bir araya gəlinməsi qərara alınıb? - Yuxarıda izah olunduğu kimi, bu, Avropa Şurası tərəfindən göstərilən təşəbbüsdür, buna görə də təbiidir ki, bu proses daha çox, hətta deyərdim ki, tamamilə bizim üzv dövlətlərimizə aiddiyyəti olan məsələdir. Mövzu mədəniyyətlərarası dialoq olduğuna görə, qarşıdan gələn konfrans mədəniyyət və mədəni irs sahələrində məsul olan ixtisaslaşmış nazirlərin görüşü olacaq. - Sizcə, bu konfrans mədəniyyətlərarası dialoqun yaranmasında nə kimi rol oynayacaq? - Bakı konfransı “Bəyaz Kitab” və onun tövsiyələrinin praktiki icrasına nəzər yetirilməsinə həsr olunan nazirlər səviyyəsində keçirilən ilk tədbir olacaq. Tədbir dialoqun nəzəriyyədən praktikaya keçirməyi planlaşdırır. Daha konkret ifadə etsək, ümid edirik ki, konfransın yekununda fond və praktiki əməkdaşlıq fəaliyyətlinin əsasları təsis ediləcək. - Ümumiyyətlə, tədbirdən nələri gözləyirsiniz? - Ümid edirəm ki, tədbir zamanı məhsuldar və nəticəyə yönəlik dialoq baş tutacaq. Bu konfransın həm də məxsusiliyi ondadır ki, o, Avropa Şurasına üzv olan 47 ölkədən daha çox ölkəni bir araya gətirəcək. Azərbaycan hökumətinin dəvəti ilə Avropa Mədəni Konvensiyasını imzalayan dövlətlərin, Təhsil üçün Ərəb Liqasının, Mədəniyyət və Elm Təşkilatı (ALESKO) və İslam Elmi, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Konfransın regional əhəmiyyət daşıması çox vacibdir. Biz, Avropa ilə onun qonşuluğunda olan regionlar arasında mədəniyyət və incəsənət sahələrində geniş əməkdaşlıq görmək istəyirik. Həmçinin qeyd etmək istəyirəm ki, tədbirdə iştirak etmək üçün Avropa Şurasının baş katibi şəxsən Bakıya səfər edəcək. - Azərbaycan hər zaman Şərqlə Qərb arasında tranzit rolu oynayıb. Bu baxımdan ölkə Şərq sivilizasiyası ilə Qərb dəyərlərini birləşdirir. İndi isə Bakı Avropa Şurası kimi qurumun üzv dövlətlərinin mədəniyyət nazirlərini bir araya gətirən toplantıya ev sahibliyi edir. Necə hesab edirsiniz, konfransın Bakıda keçirilməsi uğurlu seçimdirmi? Bu baxımdan Azərbaycan belə mədəniyyətlərarası tədbirlərin keçirilməsi üçün çox maraqlı yerdir. Ölkə bir çox hallarda müxtəlif mədəniyyətlərin kəsişməsi kimi təsvir olunur. Lakin bu mədəniyyətləri istər Qərb, istərsə də Şərq, istər Avropa, istərsə də Asiya olaraq təsvir etməyinizdən asılı olmayaraq, inanıram ki, əsas olan onların hamısının insan dəyərlərinə əsaslanmasıdır. Bu da bizi bütün qonşularımızla birləşdirən dəyərdir, biz hamımız insanıq və buna görə də hər birimizə qarşı aid olduğu mədəniyyət və dindən asılı olmayaraq eyni hörmət və ləyaqətlə rəftar olunmalıdır. - Avropa Şurasının Bakı nümayəndəliyi olaraq bu toplantıya necə hazırlaşırsınız? - Bildiyiniz kimi, tədbir Avropa Şurası ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birlikdə təşkil olunur. Bu baxımdan da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil - qərərgahı və Bakıdakı Nazirliklə birlikdə bizim ofisimiz müxtəlif hazırlıq və təşkilati işlərlə məşğul olur. - Gələcəkdə bu kimi tədbirlərin keçirilməsi nəzərdə tutulubmu? - Bakı konfransı praktiki prosesin, müəyyən məsələləri və tədbirləri müzakirə etmək üçün müxtəlif regionlardan olan mütəxəssislərin birgə görüşlərinin keçirilməsi, Avropa və qonşuluqda yerləşən dövlətlər arasında mədəni əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni təşəbbüslərin təsis olunması, ümumi irsin qorunması üçün yeni yanaşmaların formalaşdırılması kimi konkret tədbirlər silsiləsinin başlanğıcı ola bilər. Ümid edirəm və gözləyirəm ki, gələcəkdə mədəniyyətlərarası dialoqla bağlı digər tədbirlər də baş tutacaq. Bu tədbirlərin harada, necə, nə vaxt və hansı səviyyələrdə keçirilməsi ilə bağlı qərarın verilməsi isə bizim üzv dövlətlərimizin səlahiyyətində olan məsələdir. İnanırıq ki, Azərbaycan hökuməti ardıcıllıq prosesinə öndərlik etməyə davam edəcək və YUNESKO, ALESKO, İSESKO, Anna Lind Fondu kimi digər beynəlxalq təşkilatlar da bu prosesdə aktiv iştirak edəcəklər. MEHPARƏ






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar