İyunun 24-də Azərbaycan Bəstəkarlar İttifaqında VII “İpək yolu” Beynəlxalq Musiqi Festivalı ilə bağlı mətbuat konfransı keçirildi.
Festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə 27 iyun - 1 iyul tarixlərini əhatə edən beynəlxalq tədbirin tarixi əhəmiyyətindən danışdı. Qeyd etdi ki, festival ənənəvi olaraq 7-ci dəfədir Şəki şəhərində keçirilir. Bu heç də təsadüfi deyil. Çünki tarixi memarlıq abidələri ilə diqqət çəkən Şəki şəhəri ölkəmizin qədim mədəniyyət mərkəzidir. Son illər bir çox beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən Şəki 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. Aprel ayında bu münasibətlə möhtəşəm açılış oldu. İndi həmin incəsənət bayramı “İpək yolu” festivalının konsert və müxtəlif tədbirləri ilə davam edəcək.
Firəngiz Əlizadə festivalın proqramı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, festivalın açılışının TÜRKSOY-un xalq çalğı alətləri orkestri və türkdilli ölkələrin solistlərinin iştirakı ilə keçirilməsi birlik və qardaşlığımızın bir daha musiqi dili ilə nümayişi olacaq.
Festivalın rəmzi olan incə, həssas, fəqət möhkəm ipək bağlarla birləşən Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin Anadolu türk xalq mahnı və rəqs ansamblı, Yaponiyanın “Las-Liqa” folklor ansamblı, İranın “Təbriz” instrumental ansamblı, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Monqolustan, Qazaxıstan, Rusiya və digər ölkələrin musiqiçilərinin ifasında rəngarəng və unudulmaz musiqi sədaları festivalı bəzəyəcək.
Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək qurumun xalq çalğı alətləri orkestrindən söz açdı. Qeyd etdi ki, orkestr türk dünyası etnik xalq çalğı alətlərindən ibarətdir. Kollektiv 2016-cı ilin mart ayında Novruz tədbirləri çərçivəsində Nyu-York və Vaşinqtonda, habelə Ankarada konsertlər verib. Orkestrin konsertlərində quruluşu, tərtibatı və məzmunu etibarı ilə türk dünyası xalqlarına aid olan müxtəlif musiqi əsərləri türk dillərində səsləndirilir. O, kollektivin 25 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan respublikalarının müstəqilliklərinin 25 illiyinə həsr olunduğunu diqqətə çatdırdı.
Mətbuat konfransında Xalq artisti Ağaverdi Paşayev, musiqişünas Səadət Təhmirazqızı, türkiyəli qonaq Volkan Yeşilay və başqaları çıxış edərək festivalla bağlı fikirlərini bölüşdülər.
Savalan Fərəcov