Azərbaycanda kitabxana işinin yaxşılaşdırılması, bu sahədəki müasir vasitələrin tətbiqi və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi istiqamətində geniş iş aparılır. Bunu ölkəmizdə səfərdə olan İFLA-nın (Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyası) prezidenti Ellen Tisenin ilkin rəyinə əsasən də demək olar. Kitabxana sahəsində ən nüfuzlu beynəlxalq təşkilat olan İFLA-nın rəhbəri Bakıya bir günlük səfəri çərçivəsində ilk olaraq M.F.Axundov adına Milli Kitabxanada oldu. Azərbaycanda kitabxana işinin dövrün tələbləri səviyyəsində qurulması istiqamətində həyata keçirilən layihələr, tətbiq olunan qabaqcıl təcrübə barədə qonağa ətraflı məlumat verən kitabxananın direktoru Kərim Tahirov bu mərkəzlərin ilk olaraq dövlətin diqqət mərkəzində olduğunu dedi. Bugünlərdə 85 yaşını qeyd edən Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verən K.Tahirov, bu istiqamətin genişlənməsində maraqlı olduqlarını da qeyd etdi: «Ümumilikdə Azərbaycan haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasında bizim kitabxana mühüm rol oynayır. Dünyanın bir sıra böyük milli kitabxanaları ilə beynəlxalq kitab mübadiləsi həyata keçirən kitabxanamız bu işin miqyasını daha da artıracaq. Onu da qeyd edim ki, Azərbaycan Milli Kitabxanasının saytı və elektron kitabxanası vasitəsilə dünya oxucuları ölkəmiz haqqında bütün məlumatları dəqiqliyi ilə əldə edə bilirlər. Məlumat üçün deyim ki, Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazası Avropa elektron kitabxanasına daxil olmuşdur. Biz gələn ildən başlayaraq Avropa milli kitabxanalarının birgə layihəsi olan rəqəmsal kitabxananın da tətbiqinə başlayacağıq». Azərbaycan Milli Kitabxanasının modernləşmiş kitabxana-informasiya mərkəzi olduğunu vurğulayan direktor, bu sahədə tətbiq olunan dövlət proqramı barədə də söz açdı: «Ölkə başçısı cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Azərbaycanda kitabxanaların 2008-2012-ci illərdə inkişafı proqramı tətbiq olundu. Gələn ilin fevralından etibarən Milli Kitabxana başda olmaqla bütün kitabxanaların tamamilə yenidən qurulması prosesi başlanacaq. Təbii ki, bundan sonra kitabxanamız dünyanın ən müasir kitabxanalarından birinə çevriləcək». Öz növbəsində Azərbaycanda olmasından məmnunluq ifadə edən Ellen Tisen ölkəmizdə kitabxana işinin müasir tələblər səviyyəsində qurulması yönündəki addımları alqışladığını və bu davamlı fəaliyyətin uğurlu nəticələr verəcəyinə inandığını bildirdi. Elə həmin gün İFLA rəhbərini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qəbul etdi. Kitabxana işi sahəsində dünyada ən ali təşkilat hesab edilən qurumun rəhbərinin səfərini ölkəmiz üçün əlamətdar hadisə adlandıran nazir, hazırda Azərbaycanın kitabxana sahəsində bir sıra beynəlxalq təşkilatların üzvü olduğunu dedi: «Sevinirik ki, bu sahədə aparıcı qurumlardan olan İFLA ilə əlaqələrimiz var və artıq iki kitabxanamız orada təmsil olunur. Azərbaycanda kitabxanaçılıq işinin təşkilinə dövlət və şəxsən cənab prezidentimiz xüsusi önəm verir. Artıq bununla bağlı iki çox vacib proqramın imzalanmasına nail olunub. Bu gün Azərbaycanın kitabxana şəbəkəsinin əsas vəzifəsi müasir informasiya mənbələrinin tətbiqi ilə insanların bilik səviyyəsinin artırılmasına təkan verməkdir. Artıq Azərbaycanın kitabxanaları kitab əldə edib oxumaq mərkəzindən, məsləhətləşmə, lazım olan informasiyanı əldə etmə məkanına çevrilməkdədir. Müəyyənləşdirilmiş bu istiqamət üzrə sizin beynəlxalq təşkilatla sıx əməkdaşlıq etmək istəyirik». Qəbula görə təşəkkürünü bildirən xanım Ellen Tisen, Azərbaycanda kitabxana işinin təkmilləşdirilməsi sahəsində atılan addımların öz bəhrəsini verəcəyini dedi: «Bu gün bütün dünyada informasiya sahəsində baş verən dəyişikliklər kitabxanalar qarşısında da müəyyən tələblər qoyur. Təbii ki, burada əsas şərt kitabxanaların modernləşməsidir. Regionun aparıcı ölkəsi olan Azərbaycanın da bu işə xüsusi önəm verməsi və kitabxanalarınızın bu proseslərdəki iştirakı böyük əhəmiyyətə malikdir». Azərbaycan kitabxanalarının İFLA-da daha geniş təmsil olunması, əməkdaşlığın hərtərəfli inkişafı, informasiya cəmiyyəti Azərbaycan modelinin formalaşdırılmasında İFLA-nın iştirakının təmin edilməsi məqsədilə ölkəmizə səfər edən qonaq kitabxanalarımızın ümumi iş təcrübəsi ilə tanış olduğunu bildirdi: «Müasir texniki vasitələrin inkişafı kitabxanalar qarşısında müəyyən tələblər qoyur. Odur ki, bu mərkəzlərin günün tələbləri səviyyəsində fəaliyyət göstərməsi vacibdir. Qonağı olduğum Azərbaycan Milli və Prezident kitabxanalarında tətbiq olunan yeniliklərin digər mərkəzlərə də şamil edilməsi istiqamətindəki addımların sürətlənməsi yeni imkanlar açacaq». Qeyd edək ki, əsası 1927-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində qoyulmuş İFLA-nın dünyanın 150 ölkəsindən 1700 üzvü var. Dünyanın 3 bölgəsində regional ofisi (Amerika və Karib ölkələri, Asiya və Okeaniya, Afrika) fəaliyyət göstərən qurumun rəhbəri üzv ölkələr arasından 5 ildən bir seçilən prezidentdir. İFLA-nın hazırkı prezidenti Cənubi Afrika Respublikasının vətəndaşı Ellen Tisendir. Bu gün dünya ölkələrində biliklər cəmiyyətinin yaradılmasında böyük xidmətləri olan bu təşkilatın təşəbbüsü ilə informasiya cəmiyyətində “İnsan hüquqları və hüququn aliliyi” deklarasiyası qəbul edilmişdir. İFLA-nın 75 illiyinə həsr olunmuş yubiley konfransı isə 2009-cu ildə İtaliyanın Milan şəhərində keçiriləcək. Həmidə Nizamiqızı






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar