HİV/AİDS müasir dünyanın ən qlobal səhiyyə problemlərindən biri olaraq qalmaqdadır. Ona görə də dünya səhiyyə sistemi bu dəhşətli bəlanın qarşısını almaq üçün bütün mümkün variantlardan istifadə edir. Bundan əlavə, hər il dekabrın 1-i bütün dünyada Ümumdünya QİÇS-AİDS-lə Mübarizə Günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, Azərbaycanda da bu gün bir sıra tədbirlərin keçirilməsi ilə yadda qalır. Bu münasibətlə mətbuat konfransı keçirən Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova bir çox maraqlı faktlar açıqladı. Mərkəz rəhbərinin dediyinə görə, bu ilin 11 ayı ərzində Azərbaycanda 392 yeni HİV-ə yoluxma faktı aşkarlanıb. Onlardan 383 nəfəri Azərbaycan, 9 nəfəri əcnəbi vətəndaşdır. Həmin şəxslərin 308-i kişi, 75-i qadındır. İl ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 39 nəfər olub. Hesabat müddətində 220 nəfər HİV-ə narkotikdən istifadə zamanı, 77 nəfər heteroseksual, 1 nəfər homoseksual kontakt nəticəsində, 4 uşaq isə anadan bu infeksiyaya yoluxub, 81 nəfərin yoluxma yolu müəyyənləşdirməkdədir. H.Qədirova bildirdi ki, ümumilikdə Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu ilin 1 dekabrınadək 1771 nəfərin HİV-ə yoluxduğu aşkarlanıb. Onlardan 1701-i Azərbaycan, 70 nəfəri əcnəbidir. HİV-ə yoluxmanın daha çox inyeksion narkotik istifadə nəticəsində baş verdiyi müəyyənləşib. İndiyədək xəstəliyin AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 338, AİDS-dən dünyasını dəyişən insanların sayı isə 232 nəfər olub. H. Qədirovanın sözlərinə görə, son 16 il ərzində Azərbaycanda 589 ailədə HİV-ə yoluxma faktı aşkarlanıb. Onların 14-də ata, ana, uşaq, 125-də ər-arvad, 414-də yalnız kişi, 36-da yalnız qadın yoluxub. Mərkəz direktoru onu da bildirdi ki, bu il ərzində Azərbaycanda HİV-ə yoluxma hallarının yüksək olduğu şəhərlər arasında birinci yeri Şirvan tutur. Sonrakı yerlərdə isə Hacıqabul, Lənkəran, Sumqayıt, Astara, Yevlax gəlir. H.Qədirovanın dediyinə görə, dövlət il ərzində HİV-ə yoluxmuş insanların müalicəsinə istifadə edilən dərmanlardan asılı olaraq, 100-200 manatdan 8000 manatadək vəsait sərf edir. Qeyd edək ki, Azərbaycanda AİDS-lə mübarizə xidmətinin tarixi 20 ildən yuxarıdır. İlk dəfə 1987-ci ildə Respublika Qanköçürmə Stansiyasının nəzdində ixtisaslaşdırılmış HİV-ə diaqnostika laboratoriyası yaradılıb. 1988-ci ildə analoji laboratoriya Respublika Gigiyena və Epidemiologiya Stansiyasının nəzdində təşkil olunub. 1989-cu ildə Səhiyyə Nazirliyinin HİV infeksiyasının profilaktikası və onunla mübarizə xidməti sistemində baş tibb müəssisəsi kimi - Respublika QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb. 2004-cü ilədək mərkəz RGES-in bazasında yerləşib, həmin ildən isə hazırda yerləşdiyi binaya köçüb. 1998-ci ildə Səhiyyə Nazirliyinin əmri ilə respublikanın 11 regionunda - Sumqayıt, Quba, Şəki, Şamaxı, Mingəçevir, Yevlax, Gəncə, Şirvan, Salyan, Lənkəran və Naxçıvanda regional laboratoriyalar yaradılıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar