Bu gün bəşəriyyəti narahat edən qlobal kulturoloji mövzuların müzakirəsi və ortaq məxrəcin əldə olunması üçün təşkil olunan Avropa ölkələri Mədəniyyət nazirlərinin Bakı konfransı öz məqsədinə çatmış oldu. Belə ki, beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə nəzər salınmaqla, Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanları araşdırıldığı tədbir beləcə istənilən mövzu ətrafında sivill formada fikir mübadiləsinin mümkünlüyünü göstərmiş oldu. Bu mənada konfrans İslam və Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviq olunması və nüfuzunun yüksəldilməsinə də təsirsiz ötüşmədi. Beləcə, tədbir həm də Azərbaycanın qitələrarası və sivilizasiyalararası əməkdaşlıq məsələlərində çox mühüm dövlət kimi qəbul olunmasına xidmət etdi. Bu qənaət konfransın açılış və bağlanışı ilə əlaqədar keçirilən mətbuat konfranslarında da öz isbatını tapdı.
Açılış öncəsi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurasının baş katibi Terri Devislə birgə mətbuat konfransı keçirdi. Uzunmüddətli fasilədən sonra mədəniyyət nazirlərinin konfransının Bakıda gerçəkləşməsinin Azərbaycan üçün vacib olduğunu deyən nazir konfransın nəticəsinin mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayacağını qeyd etdi.
Avropa Şurasının baş katibi Terri Devis isə bu konfransda Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin bir araya gəlməsini gözəl fürsət adlandırdı. «Dünyanın dialoqa ehtiyacı var və bu konfrans da həmin zərurətdən irəli gəlir. Əfsuslar olsun ki, Ermənistan dəvət olunmasına baxmayaraq, bu konfransda iştirak etmir. Bu Ermənistanın özü uçun itkidir».
Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında son dərəcə mühüm rol oynadığını bildirən baş katib ölkəmizin Avropa ilə mərkəzi Asiya arasında körpü rolu oynadığını xüsusi olaraq vurğuladı. «Bakıda olmaqdan məmnunam. Hər dəfə bura səfərimdən zövq alıram. Budəfəki səfərim qısa olsa da, iştirak etdiyim konfrans çox əhəmiyyətlidir. Mən mənunam ki, Azərbaycan bu konfransı təşkil etmək təşəbbüsünü üzərinə götürüb».
Terri Devis işğal olunmuş ərazilərdə abidələrin dağıdılmasına da münasibət açıqladı: «Maddi mədəniyyət nümunələri ümumi dəyərlərimizdir və onları qorumaq lazımdır. Çünki onlar ümumilikdə bəşəriyyətə aid incilərdir».
Dağlıq Qarabağ probleminin həlli yolundakı intensivlikdən razılıqla danışan Devis konfransın disskusiyalar üçün yaxşı başlanğıc olduğunu dedi.
“Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakı konfransının başa çatması ilə əlaqədar dekabrın 3-də düzənlənən mətbuat konfransında da bu nüans önə çəkildi.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı konfransına uzun müddət hazırlıq prosesi getdiyini və nəticənin qənaətbəxş olduğunu diqqətə çatdırdı.
Konfransın reallaşması üçün Azərbaycan hökuməti ilə Avropa Şurası birgə çalışdığını diqqətə çatdıran nazir Azərbaycan Prezidenti İlham Əliyevin konfransda iştirakının və geniş nitqinin dövlətimizin bu tədbirə nə qədər önəm verdiyini göstəricisi olduğunu söylədi.
«Cənab prezident bu konfransın keçirilməsi ilə bağlı xüsusi Sərəncam imzalamış və müvafiq tapşırıqlarını vermişdi. Bundan əlavə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da konfransın təşkilinə dəstək vermiş, iştirakçılara müraciət məktubu göndərmişdi.
Yeni mədəni tendensiyaların yaranmasına xidmət edən konfransın işində 48 ölkənin nümayəndələri təmsil olundu. Onların arasında nazirlər, nazir müavinləri, beynəlxalq təşkilatların rəhbərləri, habelə dünyanın görkəmli alimləri, yazıçılar, Nobellər ailəsinin üzvləri var idi.
Elə Bu faktın özü tədbirə böyük önəm verilməsinin göstəricisi idi».
İkigünlük konfransın sonunda yekdilliklə qəbul edilmiş «Bakı Bəyannaməsi»nə toxunan nazir sənədin dünyanı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə çağıran yeni bir müraciət olduğunu demişdir. Konfransda belə bir yekdil fikir səslənmişdir ki, «Bakı Bəyannaməsi» sözdə qalmamalı, növbəti mərhələdə bu sənədin icrasına, yeni təşəbbüslərin, layihələrin həyata keçirilməsinə səy göstərilməlidir.
Ə.Qarayev konfransın keçirilməsində dəstəyinə və müzakirələrdə iştirakına görə Avropa Şurasının baş katibi Terri Devisə təşəkkürünü bildirdirdi.
Konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edən Avropa Şurası DG IV baş direktoru və Avropa Şurasının mədəniyyətlərarası kordinatoru xanım Qabriella Battaini-Draqoni tədbir haqqında fikirlərini media mənsubları ilə bölüşdü: «Biz burada mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi işində Azərbaycanın iradəsinin bir daha şahidi olduq. Azərbaycan bu işə böyük diqqət yetirir və buna görə hökumətə təşəkkürümüzü bildiririk. Ətraflı fikir mübadiləsinin aparıldığı konfransda qəbul olunmuş Bəyannamə bizim gələcək fəaliyyətimizi əks etdirir».
Həmidə Nizamiqızı