Avstriyanın füsunkar təbiətə malik Karintiya əyalətində növbəti dəfə klassik Azərbaycan musiqisindən ibarət konsert axşamı keçirilib. Tədbir Avstriyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Hayliqenblut qəsəbəsi bələdiyyəsi və bu qəsəbədə yerləşən “Rupertihaus” hotelinin birgə əməkdaşlığı ilə gerçəkləşib.
Konsertdən öncə “Rupertihaus” hotelinin sahibi, iş adamı Fərid Haqverdiyev bildirib ki, artıq ikinci dəfə baş tutan bu mədəniyyət tədbirinin məqsədi Azərbaycan musiqisi və mədəniyyətini Avstriya ictimaiyyətinə yaxından tanıtmaqdır. O, Azərbaycanın və Avstriyanın qədim musiqi tarixinə və ənənələrinə malik olduğunu qeyd edərək bildirib ki, Avstriya klassik musiqinin, Azərbaycan isə Şərq musiqi mədəniyyətinin beşiyi kimi tanınır.
Sonra beynəlxalq müsabiqələrin laureatı olan gənc Azərbaycan musiqiçiləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər. Konsertdə bəstəkarlar Yohann Sebastian Bax, Qara Qarayev, Cüzeppe Verdi, Aleksandr Skryabin, Asəf Zeynallı, Coakkino Rossini, Fərhad Bədəlbəyli, Frederik Şopen, Volfqanq Amadeus Motsartın əsərləri səsləndirilib.
Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı, tarzən Sahib Paşazadənin milli musiqimizlə yanaşı, klassik musiqi əsərlərini, xüsusilə V.A.Motsartın “Türk marşı” sonatası və macar milli rəqsi “Çardaş”ı məharətlə ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub. Solistlər Osman Eyyublu (skripka), Elçin Hüseynov (vokal) və Tofiq Şıxıyevin (fortepiano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin zirvə nöqtəsini Müslüm Maqomayevin “Azərbaycan” mahnısı təşkil edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar