Kəngərli süvariləri Azərbaycan hərb tarixinin şərəfli səhifələrindən birini təşkil edir. Xanlıq dövrünün hərbi tarixi dərindən araşdırıldıqda, general-mayor Ehsan xan Kəlbəli oğlu Naxçıvanskinin (Kəngərli) həyatı və hərbi fəaliyyəti böyük maraq doğurur. Tiflis, Moskva, Sankt-Peterburq, Kiyev, Bakı və Naxçıvan arxivlərinin fondlarında generalın ömür yolunu əhatə edən xeyli sənədlər aşkar edilmişdir. Ehsan xan Kəlbəli oğlu Kəngərli 1789-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1821-1823-cü illər İran-Türk müharibəsində göstərdiyi hünərə görə "Xan" və "Alican" titulları ilə təltif edilmişdir. Ən maraqlı və mürəkkəb məsələlərdən biri isə I Ehsan xanın 1826-1828-ci illərdə Abbasabad qalasındakı fəaliyyəti ilə bağlıdır. Həmin illərlə əlaqədar tarixi sənədlərdən məlum olur ki, o vaxtlar Naxçıvan xanlığı rus və İran qoşunlarının tapdağı altında idi. Bu illər ərzində Naxçıvana hərbi yürüş edən rus qoşunlarının sayı-hesabı yox idi. Əsas qoşun hissələri 1812-ci ildə Rusiya-Fransa müharibəsində döyüşənlər idi. Möhkəm silahlanmış Rusiya ordusuna qarşı naxçıvanlılar mərdliklə vuruşurdular. Kəngərli süvariləri bəzən əlbəyaxa döyüşürdülər. Ən qanlı döyüşlər Xok kəndi ətrafında baş vermişdir. Bu illərdə Naxçıvana Kərim xan başçılıq edirdi. Ehsan xan isə Abbasabad qalasındakı Kəngərli süvarilərinin komandanı idi. Araşdırmalardan aydın olur ki, rus qrafı Paskeviç Naxçıvanı əldə saxlamaq üçün ərazinin cənub-qərbində - Araz çayının sol sahilindəki Abbasabad qalasını qala ingilis mühəndislərinin göstərişi ilə Abbas Mirzə tərəfindən (istehkam sənətinin bütün tələblərinə uyğun bir şəkildə tikilmişdi) tutmağa cəhd edirdi. Paskeviçin göstərişi ilə rus diplomatı Qriboyedov Cənubi Azərbaycan xanlarının hər biri ilə təklikdə danışıqlar aparırdı. Belə bir vaxtda diplomat Qriboyedov hiyləyə əl ataraq qalada Ehsan xanla diplomatik danışıqlara başladı. Qalanın komendantı qacarlardan olsa da, hamı orada söz sahibi Ehsan xan olduğunu bilirdi. Bu vaxt Qriboyedov ilə Ehsan xan arasında gizli danışıqların səbəbkarı, Qriboyedovun tərcüməçisi işləmiş Abbasqulu ağa Bakıxanov idi. Naxçıvan xanlığının müstəqil qalması, milli adət-ənənələrimizin qorunması, ən əsası, naxçıvanlıların (əsasən kəngərlilərin) İranın ucqarlarına köçürülməsinin qarşısını almaq üçün, Ehsan xan, müəyyən şərtlər daxilində ruslarla razılaşır. Abbasabad qalasında həmişə Qacarlar tərəfindən ögey münasibət görən Kəngərli süvariləri vuruşmaqdan imtina edirlər. Qalada yaranan çətin və dözülməz şərait məcbur edir ki, o, Paskeviçin tələbini qəbul etsin. Qeyd etmək lazımdır ki, Naxçıvan xanlığının müstəqil olması və bu torpaqların ruslara verilməməsi üçün Ehsan xanın başqa çıxış yolu yox idi. Onu da qeyd etmək yerinə düşər ki, Ehsan xan, ana qohumları olan qacarların, xüsusilə Ağa Məhəmməd şahın, onun atasının başına gətirdiyi dəhşəti unuda bilmirdi. Çünki Ehsan xan da atası I Kəlbəli xan kimi Rusiya ilə hərbi müttəfiqlik istəyirdi. 1828-ci ilin martında I Nikolay ermənilərə verdiyi vədi yerinə yetirərək İrəvan və Naxçıvan xanlıqlarını ləğv edib, erməni vilayəti deyilən qondarma əyalət yaratdı. İrəvan əyalətinə rus hərbi məmurları təyin edildi. Naxçıvan əyalətinə Naxçıvanın Kəngərli xanlarından olan Ehsan xan naib təyin olundu. Çar I Nikolay Kəngərli süvarilərini narazı salmamaq üçün 1840-cı ildən onlara verilən imtiyazları ləğv etməyə tələsmirdi. 5 oktyabr 1837-ci ildə Ehsan xana general-mayor rütbəsi verildi. 1839-cu ildə Qafqaz canişini Qolovinin təzyiqi ilə naiblikdən imtina edən Ehsan xan Kəngərli süvarilərinin komandiri oldu. Bu illər ərzində ona Kəngərli süvarilərinin yürüş atamanı, sonralar isə Zaqafqaziya müsəlman qoşunlarının atamanı hərbi rütbəsi verildi. 23 may 1831-ci ildə 2-ci dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunan Ehsan xan ildə 2200 məbləğində gümüş pul məvacibi təyin edildi. Arxiv sənədlərindən aydın olur ki, Ehsan xan Kəngərli çar hökumətinin Qafqazda hesablaşdığı sərkərdələrdən biri olmuşdur. Azərbaycanın hərbi qoşun növlərindən olan Kəngərli süvariləri Ehsan xanın komandirliyi ilə Rusiyanın 1828-1829-cu illərdə apardığı müharibələrdə çox rəşadətlə vuruşmuşdur. Buna görə Rusiya çarı 26 oktyabr 1830-cu il tarixli fərmanı ilə həmin qoşun birləşməsinə fəxri fərman təqdim etmişdir. Yaşıl ipək üzərində Rusiyanın gerbi və I Nikolayın monoqrammı təsvir edilmiş bayraq Naxçıvan şəhərində 1920-ci ilədək saxlanılmışdır. Ehsan xan 1846-cı ildə doğma vətəni Naxçıvan şəhərində vəfat etmişdir. Unutmamalıyıq ki, dönməz sərkərdə - Azərbaycan hərb tarixində xüsusi yeri olmuş mahir döyuşçü Ehsan xan Kəngərli Qafqaz müsəlman elitasının hərbi xidmətə çağırılmasının əsasını qoymuşdur. Hüseyn Əliyev, Naxçıvan






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar