Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Bakı Konfransında iştirak edən qonaqlar toplantının bağlanış mərasiminin ardınca ilk olaraq Azərbaycan Tarixi Muzeyinə baş çəkdilər. Tariximizin ən müxtəlif məqamlarının əks olunduğu eksponatlarla zəngin muzeylə tanış olandan sonra heyranlıqlarını gizlədə bilmədilər. Ardınca Dövlət Opera və Balet Teatrına yollanan qonaqlar şöhrəti dünyanı gəzən Qara Qarayevin “7 gözəl ” baletinə tamaşa etdilər. Səhnə əsəri böyük marağa səbəb oldu. Azərbaycanın Şərq və Qərb mədəniyyətinin qovşağında bir körpü rolu oynadığını deyən avropalı qonaqlar, baleti də eyni həyacanla izlədiklərini bildirdilər. Tamaşadan sonra təəssüratlarını dilə gətirən Norveçin mədəniyyət və kilsə işləri üzrə nazirinin xüsusi nümayəndəsi Halvard İngebirikutsen bildirdi: “Bu balet dahi Nizami və Qara Qarayevin birgə əsərdir. Təbi ki, çox gözəldir. Bu balet məhəbbət haqqında olsa da mən hesab edirəm ki, Azərbyacanın tarixini də əks etdirir. Azərbayan vasitəsi ilə bütün mədəniyyətlərə bir pəncərə açdıq və ölkənizi bir daha yaxından tanıdıq”. Baletin öz-özlüyündə cox gözəl olduğunu və Qara Qarayev musiqisinin Belarusda da məşhur olduğunu deyən Belarus İncəsənət Universitetinin rektoru Boris Svetlov düşüncələrini dilə gətirdi: ”Yüksək peşəkarlıqla hazırlanan bu tamaşaya baxanda ölkənizin mədəniyyəti haqqında müsbət qənətə gəlmək olur”. Mədəni proqram çərçivəsində ABŞ dövlət katibinin köməkçisi Alina Romanovski Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi və Qala məscidi ilə tanış oldu. Kompleksin direktoru Fikrət Abdullayev qonağa muzey barədə geniş məlumat verdi. O bildirdi ki, 156 hektar sahəni əhatə edən qoruqda eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid sərdəbalar, evlər, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır. Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. İki hektar ərazisi olan muzey kompleksində Abşeron yarımadasında tapılıb və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və s. yerləşdirilib. Muzey kompleksi ilə tanışlıq zamanı Azərbaycanın ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq, nalbənd emalatxanaları da xarici qonaqda çox böyük maraq doğurdu. Xanım Alina Romanovski muzey kompleksini gəzdikdən, buradakı eksponatlarla tanış olduqdan sonra jurnalistlərə müsahibə verdi. Kompleksdə gedən bərpa işləri ilə tanışlıqdan məmnun olduğunu bildirən xanım Alina, xüsusi olaraq vurğuladı ki, burada yerləşən məscidin ABŞ hökumətinin köməyi ilə bərpası çox təqdirəlayiq haldır. O qeyd etdi ki, ABŞ hökuməti gələcəkdə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu cür layihələr həyata keçirməyi nəzərdə tutur. Qonaqlar eyni zamanda İçərişəhər, Şirvanşahlar sarayı və Qız Qalası ilə tanış oldular. Bakının özünəməxsus memarlıq üslubu ilə seçildiyini deyən gəzinti iştirakçıları qala divarları ilə maraqlandılar. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti və Dövlət İncəsənət muzeylərinə də ekskursiya edən qonaqlar daha sonra Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Gənclər Simfonik Orkestrinin konsertinə tamaşa etdilər. Turan