Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Bakı Konfransının ardınca Avropada Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumunun 10 illik yubileyi ilə bağlı yığıncaq keçirildi. 4-5 dekabr tarixlərində «Park İnn» hotelində keçirilən tədbir kompendium layihəsinin milli müəlliflərinin illik yığıncağı idi və “Avropada mədəniyyət siyasəti: əsas faktlar və meyillər” - Avropa Şurası və ERİCarts İnstitutunun birgə layihəsinin 10 illiyinə həsr olunmuşdu. Qeyd edək ki, layihə mədəniyyət siyasəti vasitələri, əsas fəaliyyət, debatlar, Avropada mədəni meyillərlə bağlı yeganə informasiya və monitorinq sistemlərini özündə birləşdirir.

Mədəniyyətlərarası dialoq üzrə «Ağ kitab»ın qəbulundan bir neçə ay sonra təşkil olunan və 2005 - ci ildə baş tutan Dövlət və Hökumət başçılarının üçüncü sammiti, həmçinin mədəniyyətlərarası dialoqun inkişafı üzrə “Faro Strategiyası”nın implementasiyasının davamı olan “Mədəniyyətlərarası dialoq Avropa və ona qonşu regionlarda sülhün və davamlı inkişafın əsasıdır” mövzusuna həsr olunmuş Mədəniyyət Nazirlərinin Konfransından dərhal sonra başlanan kompendium layihəsi milli müəlliflərinin illik görüşü nazirlər səviyyəsində insan hüquqları, demokratiya, mədəniyyətlərarası dialoq və mədəniyyət siyasəti ilə qanunların idarə olunması haqqında qəbul edilmiş sənəd və qərarların müzakirəsi, həyata keçirilməsi üçün mühüm imkanlar təklif edir.

Kompendiumun 10 illiyi ilə bağlı ilk iclasda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa ölkələrinin dialoq vasitəsilə əlaqələrin mümkün olduğunu dedi. Azərbaycanın kompendiuma Avropa Şurasına üzvlükdən əvvəl qoşulduğunu bildirən nazir qurumla əlaqələri daha da genişləndirməkdə ölkəmizin maraqlı olduğunu dedi: «Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına bundan sonra da öz töhfələrini verəcək. Bildiyiniz kimi, Azərbaycan Şərq və Qərbin qovuşma nöqtəsindədir. Ölkəmiz həm də Avropa Şurası və İSESKO-ya üzv yeganə dövlətdir. Bunu nəzərə alaraq, sivilizasiyaların yaxınlaşmasına dəstək vermək müasir Azərbaycan Respublikasının özünəməxsus missiyasıdır və biz bunu “Bakı prosesi” adlandırırıq». Azərbaycanın mədəniyyətlərarası dialoqa maraqlı olduğunu diqqətə çatdıran natiq, zaman-zaman torpaqlarımızın, milli-mənəvi sərvətlərimizin, maddi-mədəniyyət nümunələrimizin də təcavüzə məruz qaldığını vurğuladı.

Avropa Şurası tərəfindən mədəniyyət sahəsində əməkdaşlıq proqramları çərçivəsində qanunların və qanunvericilik aktlarının toplusu və onların yerlərdə tətbiqi ilə bağlı olan kompendiumun işində Azərbaycanın artıq ölkə olaraq üzvlükdən qabaq fəaliyyətə başladığını da xatırladan nazir, layihənin 10 illiyinə həsr olunmuş toplantının Bakıda təşkilini əlamətdar hal kimi dəyərləndirdi. «Kompendium Azərbaycanda mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşməsinə və onun Avropa qanunları ilə uzlaşdırılmasına əsas verəcək. Hesab edirəm ki, bu çox vacib görüşdür». Sonra çıxış üçün söz Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmerə verildi. Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Bakı Konfransını və qəbul olunan «Bakı Bəyannaməsi»ni yüksək qiymətləndirən R.Palmer mədəniyyətlərin dialoqunun müasir dünyanın tələbi olduğunu söylədi.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva da çıxışında bu məqamı önə çəkməklə mədəniyyətlə bağlı qanunvericilik aktlarındakı prinsiplərin ümumi müddəalarının əhəmiyyətindən danışdı. Sonra tədbir iştirakçıları «Bakı Bəyannaməsi», Kompendium Birliyi və onun bir sıra ekspertlərinin Mədəniyyət Nazirlərinin Konfransında müəyyənləşmiş fəaliyyətlərin həyata keçirilməsinə verə biləcəkləri töhfələrlə bağlı açıq müzakirələr apardılar. Qeyd edək ki, Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs üzrə direktorunun və Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birgə qərarlarına əsasən Bakı Kompendium müəllifləri layihəsi milli müəlliflərinin illik görüşünə İSESKO-ya üzv dövlətlərdən bir neçə yüksək vəzifəli tədqiqatçılar da dəvət olunmuşdu.

Bunun əsas səbəbi isə “Avropada mədəniyyət siyasəti: əsas faktlar və meyillər” layihəsinin əhatə dairəsini genişləndirmək və mədəni siyasi tədqiqatlar haqqında qlobal şəbəkəni inkişaf etdirmək, həmçinin mədəniyyətlərarası dialoqlara yeni yanaşmaları və gələcək transmilli əməkdaşlıqlar üçün imkanları tədqiq etməkdən ibarətdir. Tədbir çərçivəsində mütəxəssislər «Bölüşdürülmüş müxtəliflik: Mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və regional əməkdaşlıq», «Transsərhəd əməkdaşlıq üçün yeni imkanlar» mövzularında da fikir mübadiləsi apardılar. Kompendiumun gələcək perspektivləri və 2009-cu il üçün əsas iş planının müzakirə olunduğu ikinci iş günündə iştirakçılar kompendium siyasəti brifinqi və müqayisəli araşdırma məqalələri ilə bağlı müzakirələr apardılar. “Mədəniyyət siyasəti konseptualizasiyası problemləri və onun Azərbaycanda həlli yolları” mövzusunda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Yaşar Hüseynli ölkəmizin mədəniyyət siyasəti barədə geniş məlumat verdi. İclasda Avropa Şurasının Mədəniyyət siyasəti, müxtəliflik və dialoq bölməsinin müdiri Katrin Merkle də çıxış edərək şuraya üzv ölkələrdə mədəniyyət sahəsindəki vahid qanunvericilik prinsiplərindən danışdı. Kompendiumun gələcək prioritet və inkişafları ətrafında fikir mübadiləsi aparan ERİKarts İnstitutunun icraedici direktoru Andreas Vizand və Avropa Şurasının Mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer dünyanı narahat edən qlobal maliyyə böhranları, onun mədəniyyət və mədəni sənayelərə gələcək təsiri barədə çıxış etdilər. Həmidə