Konstitusiya dəyişikliyi zamanın tələbidir
Məlumdur ki, Milli Məclisin qərarı ilə bu il mart ayının 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcəkdir. Bu isə təsadüfi deyildir. Cəmiyyət inkişaf etdikcə belə dəyişikliklərin həyata keçirilməsi üçün zərurət yaranır. Bu dəyişikliklərin mahiyyəti barədə ölkənin kütləvi informasiya vasitələrində geniş məlumatlar verilir, vətəndaşların fikir və mülahizələri şərh olunur.
Əməkdaşımız Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rahib Məmmədova, Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafova və Qaradağ rayonu, Müşfiqabad qəsəbə Mədəniyyət Evinin bədii rəhbəri Dursun Musayevaya müraciət edərək, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirməyi xahiş etmişdir.
Rahib Məmmədov: - Milli Məclisin “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında» qərarında qeyd olunur ki, parlamentin bir qrup deputatı və ölkə ictimaiyyətinin nümayəndələri Milli Məclisin rəhbərliyinə çoxsaylı müraciətlər edərək, Konstitusiyamızın bəzi maddələrinə dəyişikliyin aparılması barədə təkliflər vermişlər. Həmin təkliflər Milli Məclisin bir sıra komissiyaları tərəfindən öyrənilmiş, ümumiləşdirilmiş, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında Referendum Aktının layihəsi hazırlanmış, Milli Məclisə təqdim olunmuşdur.
İnsanların hüquq və azadlıqlarının daha səmərəli qorunmasına, demokratiyanın gücləndirilməsinə, yerli özünüidarənin inkişafına xidmət edən referendumun keçirilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Hamıya məlumdur ki, son illərdə ölkəmiz mədəni, iqtisadi, siyasi və demokratik islahatların həyata keçirilməsində böyük uğurlara nail olub. Azərbaycan dövləti həmişə qəbul olunan qanunların daha da təkmilləşdirilməsinə, dünya təcrübəsinin həmin sənədlərdə öz əksini tapmasına səy göstərir. Elə buna görədir ki, seçki praktikasının ildən-ilə təkmilləşdirilməsi, eyni zamanda bu və ya digər qanunlara əlavə və dəyişikliklərin edilməsi vacib sayılır. Həmin əlavə və dəyişikliklərdən biri bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Mən deyərdim ki, bu, vətəndaşların seçiminə hörmətlə yanaşmağın təzahürüdür. Əlbəttə, Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən biri kimi bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin aradan qaldırılması məsələsindən danışarkən burada söhbət yalnız dövlət başçısı İlham Əliyevdən deyil, istənilən şəxsdən gedir.
İnamla deyə bilərəm ki, Konstitusiyaya nəzərdə tutulan 29 dəyişikliyin hər biri ölkə vətəndaşlarının mənafe və maraqlarına, demokratik prinsiplərə tamamilə uyğundur.
İlham Manafov: - Dünyada elə bir ölkə yoxdur ki, dövlətin ən əsas qanunvericilik bazasını təşkil edən Konstitusiyada dəyişiklik olmasın. Azərbaycan müstəqil dövlətdir. Məlumdur ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Milli Konstitusiyamız qəbul olundu... Konstitusiyaya əlavələr və dəyişikliklərin aparılması Azərbaycanın regionda tutduğu mövqeyinin daha da möhkəmlənməsi, demokratik inkişaf yolunda inamla irəliləməsinin bariz nümunəsidir.
Yadımızdadır, 2002-ci ildə Konstitusiyaya əlavələr və düzəlişlər edildi. Baş nazirin səlahiyyəti, eyni zamanda seçki sistemi ilə bağlı dəyişikliklər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Əlbəttə, həmin dəyişikliklər Azərbaycanın ötən dövr ərzində keçdiyi inkişaf yolundan irəli gəlirdi. Bugünkü mərhələdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər də zamanın tələbinə tamamilə uyğundur. Hesab edirəm ki, Azərbaycan xalqı birmənalı şəkildə referenduma gedəcək, əlavə və dəyişiklikləri dəstəkləyəcəkdir.
Son illərdə demokratiyanın inkişafında əldə olunan böyük uğurlar, həyata keçirilən islahatlar, sivil və demokratik qaydalara uyğun keçirilən seçkilər bir daha sübut edir ki, prezident İlham Əliyev bəşəri dəyərlərə söykənən siyasi kursu layiqincə davam etdirir. Kecən il oktyabrın 15-də keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər haqlı olaraq qeyd etdilər ki, Azərbaycan demokratiyası digər ölkələrə nümunə göstərilə bilər.
Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üçün nəzərdə tutulan referendumun keçirilməsi də demokratiyanın inkişafı, ölkə əhalisinin hüquq və azadlıqlarının qanunla qorunmasının daha təkmil formada tətbiqinə yönəlmiş demokratik qaydalara uyğundur. Bu bir həqiqətdir ki, xalq Azərbaycanı inkişafa, tərəqqiyə doğru inamla aparan lideri həmişə dəstəkləyir, onun ətrafında sıx birləşir.
Dursun Musayeva: - “Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsi tərəfindən təsdiqi və Milli Məclisdə müzakirələrdən sonra ölkə ictimaiyyətinin məsələyə maraq və diqqəti daha da artmış, bu mövzuda fikir mübadiləsi genişlənmişdir. Yeri gəlmişkən qeyd etməliyəm ki, 101-ci maddənin V hissəsinə etiraz etmək istəyən qüvvələr bir qrup vəzifə hərisləridir. Onlar ölkədə hakimiyyəti ələ keçirmək üçün müxtəlif üsullara, hətta qeyri-qanuni, antidemokratik vasitələrə əl atmaqdan çəkinmirlər. 2003-cü ildə keçirilən prezident seçkilərində belə xoşagəlməz hala rast gəldik. Xalq bunun qarşısını aldı, əsl həqiqəti onlara anlatdı.
Konstitusiyanın 101-ci maddəsinin V hissəsinin çıxarılması təklifi hüquqi baxımdan da əsaslıdır. Həmin maddədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa qoyulub. Bu, insanların seçmək və seçilmək hüququnu məhdudlaşdırır. Unutmaq olmaz ki, xalqımızın istədiyi şəxsi, hər hansı məhdudiyyət olmadan prezident seçməyə haqqı vardır.
Bir sözlə, Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin hamısı xalqın seçim hüququnun məhdudlaşdırılmasının aradan qaldırımasına, insanların hüquq və azadlıqlarının daha geniş şəkildə müdafiəsinə xidmət edir.
Şübhə yoxdur ki, martın 18-də keçirilməsi nəzərdə tutulan referendumda xalq böyük ruh yüksəkliyi ilə iştirak edəcək, Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəkdir.
Söhbəti qələmə aldı:
Canalı Mirzəliyev