Dünən Azərbaycan Dövlət Muğam Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə-2008” mükafatının təqdimat mərasimi keçirildi. 
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyətimizin, musiqimizin inkişafında, bu işlərin təbliğində görülmüş işlər barədə danışdı: “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ilinin təntənəli açılış mərasimindən sonra paytaxtımız hazırda növbəti beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Martın 18-dən 25-dək Bakıda keçiriləcək Beynəlxalq Muğam Festivalı Azərbaycanın bütün dünyada daha geniş təbliğ olunmasına, tanınmasına təkan verəcəkdir.
    Bu gün Azərbaycan dünyada mədəniyyət sahəsinə verdiyi böyük töhfələrlə tanınır. Bu istiqamətdə işlərin ardıcıl olaraq həyata keçirilməsində YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
   "Zirvə" mükafatı incəsənətin müxtəlif sahələrində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən yaradıcı şəxslərə təqdim olunur. Mükafata əsasən teatr sənəti, musiqi, kinematoqrafiya, boyakarlıq, qrafika sahəsində sənət növləri üzrə fərqlənənlər layiq görülüblər. “Zirvə” mükafatının hər il ənənəvi olaraq təqdimatı keçiriləcəkdir”.
    Altı nominasiya üzrə təsis edilmiş “Zirvə-2008” mükafatı xalq artisti Firəngiz Şərifova (“Milli sərvət” bölməsi), xalq rəssamı Tahir Salahova (Təsviri sənət sahəsi üzrə), SSRİ xalq artisti, akademik Arif Məlikova (Musiqi sahəsi üzrə), dirijor Əyyub Quliyevə (“Debüt bölməsi”), “Hökmdarın taleyi” bədii filmininin yaradıcılarına (kino sahəsi üzrə) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının “Yeddi gözəl” baletinin yaradıcı heyətinə (teatr sahəsi üzrə) təqdim edildi, onlara diplomlar və pul mükafatları verildi.
   Təqdimetmə mərasimində tanınmış sənətçilər musiqi nömrələri ifa etdilər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar