Əbülfəs Qarayev: «Bu saytın fəaliyyəti Azərbaycanın turizm potensialının dünyaya inteqrasiyasının yeni mərhələsidir»
  
   Dünən Bakı Turizm İnformasiya Mərkəzində adıçəkilən qurumun təqdim etdiyi layihə əsasında hazırlanan «Online-rezervasiya» sisteminin (www.bakutourism.az) təqdimetmə mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, Turizm İdarəsinin müdiri Aydın İsmiyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, müxtəlif hotellərin rəhbərləri və turizm mütəxəssisləri iştirak edirdi.
  
   Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Əlibəndə Məmmədov tədbiri giriş sözü ilə açaraq layihə haqqında geniş məlumat verdi. Onun dediyinə görə, «Online» sistemi Azərbaycanın turizm məhsullarını İnternet vasitəsilə bütün dünyada reklam edəcək. Rəhbərlik etdiyi qurumun Bakı-pilot layihəsini reallaşdırmasının səbəblərinə aydınlıq gətirən mərkəz rəhbəri dedi ki, Bakıda infrastruktur və elektron-İnternet çox güclüdür: «Hazırda paytaxtda 2 MB gücündə İnternet sürəti var. Azərbaycanın regionlarında hələlik bu sürət yoxdur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, ilin sonuna qədər bu güc bütün respublika ərazisində olacaq. Bizim regionlarda yerləşən mərkəzlər də gələcəkdə bu layihəyə qoşulacaqlar». Ə.Məmmədovun sözlərinə görə, Rusiyadan, Türkiyədən dəvət edilən mütəxəssislərin köməyi ilə adıçəkilən layihə üzərində 6 ay işlənib.
   Layihənin reallaşdırılmasında yaxından iştirak edən AZERİN MMC-nin baş direktoru Qalib Qurbanov bildirdi ki, «Online» sistemini yaratmamışdan əvvəl 2 ay şirkət əməkdaşları dünya təcrübəsi ilə maraqlanıblar, bu cür portalların fəaliyyət göstərdiyi ölkələrin mütəxəssisləri ilə məsləhətləşmələr aparıblar. Şirkət rəhbəri onu da bildirdi ki, belə sistemlər turizmin inkişaf etdiyi əksər ölkələrdə tətbiq edilir və çox yüksək effekt verir.
   Sonra «Online-rezervasiya» sistemi iştirakçılara təqdim edildi. Azərbaycanda fəaliyyət göstərən hotellər, turizm obyektləri, ölkəmizin regionlarının turizm potensialı barədə məlumatlar bu İnternet layihəsində öz əksini tapmışdı. Burada Azərbaycanın 9 hoteli haqda məlumat yerləşdirilmişdi. Qeyd edək ki, sayt Azərbaycan, ingilis və rus dillərində hazırlanmışdı.
   Yeni yaradılan saytla bağlı fikirlərini iştirakçılarla bölüşən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizm informasiya mərkəzləri şəbəkəsinin 4 il bündan öncə Birləşmiş Millətlər Təşkilatı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında yaradıldığını bildirdi: «Artıq Azərbaycanın 11 bölgəsində bu informasiya mərkəzləri fəaliyyət göstərir. Hər bir bölgənin turizm informasiya mərkəzi öz ərazisinin turizm potensialı ilə bağlı məlumatları ümumiləşdirib gələn qonaqlara təqdim edir. Eyni zamanda oradakı turizm obyektlərinin əməkdaşları ilə mütəmadi olaraq treninqlər keçirmək də müvafiq turizm informasiya mərkəzinin vəzifəsinə aiddir. Müasir dövrün tələbi ondan ibarətdir ki, informasiya mərkəzlərində ən öncül texnologiyalar tətbiq edilsin. Bu baxımdan da Bakı Turizm İnformasiya Mərkəzinin təqdim etdiyi bu layihə olduqca əhəmiyyətlidir. «Online-rezervasiya» sistemi vasitəsilə Azərbaycanda fəaliyyət göstərən bütün hotellər haqqında məlumat dünya informasiya məkanına daxil ediləcək. Qeyd edim ki, biz belə bir layihənin reallaşdırılması barədə uzun müddət idi ki, fikirləşirdik. Artıq bir neçə turizm portalı fəaliyyət göstərir. Həmin portallar vasitəsilə məlumat alan insanların sayı ildən-ilə artır. İndi təqdimatını etdiyimiz bu «Online» sistemi vasitəsilə isə dünyanın istənilən ölkəsindən insanlar Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri haqda çox geniş məlumat ala bilər və bir neçə dəqiqənin içərisində ona sərf edən məkana bilet sifariş verə bilər».
   Nazir onu da bildirdi ki, bu, pilot layihədir: «Layihənin davamı olacaq. Artıq belə saytların vasitəsilə dünya informasiya məkanına daxil olmağın vaxtı çatıb. Bugünkü tədbir Azərbaycanın turizm potensialının dünyaya inteqrasiyasının yeni mərhələsidir».
   Ə.Qarayevin dediyinə görə, bu portalın işə başlaması turizm şirkətlərinin və hotellərin fəaliyyətində bir vəhdət yaradacaq.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar