Bugünlərdə Müasir İncəsənət Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 12 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Aidə Əmirova və Şahin Əlibəylinin rəsm əsərlərindən ibarət sərgi keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnarə Səfərova qeyd etdi ki, hər iki balaca rəssam eyni zamanda bizim məktəbimizdə musiqi təhsili alırlar. Aidə fortepiano, Şahin isə skripka şöbəsində oxuyur. Onlar rəssamlıqda olduğu kimi, musiqi sahəsində də yaşıdlarından fərqlənirlər. Fəxr edirəm ki, məktəbimizin belə istedadlı şagirdləri var. Mən onların valideynlərini təbrik edir, özlərinə daha böyük uğurlar arzulayıram.
   Bakı Şəhər Məddəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev öz çıxışında dedi: «Bu gün çox qürur hissi keçirirəm. Ona görə ki, xalqımızın belə istedadlı balaları var. Sərgiyə baxanda çox təəccübləndim. Hisslərimi peşəkar rəssamlar Ağəli İbrahimov və Sərxan Məmmədovla bölüşdüm. Onlar da mənimlə həmfikir idilər. Doğrudan da bu tablolar müəllifinin gələcəkdə böyük rəssam olacaqlarından xəbər verir».
   Sözünə davam edən natiq bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin 2009-cu ili «Uşaq ili» elan etməsi bizim məsuliyyətimizi artırır. «Təmsil etdiyim təşkilat həmin sərəncama uyğun olaraq artıq bir neçə tədbir həyata keçirmiş və gələcəkdə bu işlərini davam etdirəcəkdir. Bu gün mən üzümü peşəkar rəssamlarımıza tutub deyirəm ki, davamçılarımız yetişir. Bizim vəzifəmiz isə bu istedadlı balalarımıza dayaq durmaqdır».
   Xalq rəssamları A.İbrahimov və S.Məmmədov qeyd etdilər ki, sərgisinə baxdığımız Aidə Əmirova və Şahin Əlibəyli bir peşəkar rəssam kimi bizi çox heyrətləndirdilər. Bu, adicə şəkil çəkmək deyil, bu, böyük bir talantdır, onlar azyaşlı fenomenlərdir.
   Sərginin gedişində fürsət tapıb balaca rəssamların valideynlərini də söhbətə çəkdim.
   Ofelya Əmirova (Aidənin anası):
   - O, lap uşaqlıqdan öz-özünə şəkil çəkməyə başlayıb. Gördüm ki, çox böyük həvəslə məşğul olur. Onun üçün lazımi şərait yaratdım, fərdi məşğul olmaq üçün müəllim tutdum. Bu gün tamaşaçıların onun çəkdiyi şəkillərə yüksək qiymət verməsi məni çox sevindirir. Düşünürəm ki, ona istiqamət verəməkdə yanılmamışam.
   Leyla Rəhimova (Şahinin anası):
   - Sevindiyimdən danışa bilmirəm. Heç zaman ağlıma da gəlməzdi ki, bir vaxtlar hardasa mənim oğlumun çəkdiyi şəkillərdən ibarət sərgi olacaq və baxanlar «bu uşağın böyük gələcəyi var deyəcəklər». Valideyn üçün bundan böyük xoşbəxtlik ola bilərmi?   

   Balaca rəssamların qısa bioqrafiyaları
   

   Aidə Niyazi qızı Əmirova 1995-ci il avqustun 24-də Bakı şəhərində anadan olub. 189 saylı orta məktəbin şagirdidir. Dərs əlaçısıdır.
   Musiqiçi kimi bir sıra müsabiqələrdə iştirak edib, diplomlar qazanıb.
   Onun natürmortları T.İsmayılov adına «Uşaq dünyası» rəsm qalereyasında saxlanılır. İlk şəxsi sərgisi 2008-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük uğur qazanıb. Sərgidə 20-yə qədər müxtəlifjanrlı əsəri nümayiş etdirilir.
   
   Şahin Əlibəyli 2001-ci il noyabrın 16-da Bakı şəhərində anadan olub. 3 yaşından şəkil çəkməyə başlayıb. 2008-ci ilin yanvarından S.Bəhlulzadə adına Təsviri Sənət Studiyasında məşğul olur.
   Bakı şəhərindəki 23 saylı orta məktəbin şagirdidir. Bugünkü, ilk fərdi sərgisinə 30-a qədər əsəri təqdim olunub.
   Tamaşaçılarda xoş əhval-ruhiyyə yaradan balaca rəssamların sərgisi 12 saylı Uşaq Musiqi Məktəbi şagirdlərinin musiqi nömrələri ilə sona yetdi.
   

   Fərahim Şükürov