Xalqın mənəvi dünyasından, yaradıcılıq istedadından xəbər verən dekorativ-tətbiqi bədii sənətin qorunub saxlanması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi böyük bir layihəni reallaşdırmaqdadır. Xəbər verdiyimiz kimi, aprelin 1-də I Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalına start verildi. Respublikanın bütün şəhər və rayonlarını əhatə edəcək festivalın beş regional mərkəzdə - Gəncə, Naxçıvan, Lənkəran, Şəki və Xaçmaz şəhərində keçirilməsi, müxtəlif sərgilərin təşkil edilməsi nəzərdə tutulur. İlin sonunda Bakıda yekun sərgi təşkil ediləcək və qaliblər müəyyənləşdiriləcək.
   Qeyd edək ki, Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı məqsədilə keçirilən festivalın açılış sərgisi Gəncədə, Dövlət Rəsm Qalereyasında təşkil edilmişdi. Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, həmçinin festivalın görkəmli sənətşünaslardan ibarət münsiflər heyətinin və tədbirin təşkilat komitəsinin üzvləri də iştirak edirdilər. Açılış nitqi ilə mədəniyyət və turizm nazirinin müavini Ə.Vəliyev çıxış etdi. O, gəncləri sənət bayramı münasibətilə təbrik edərək Azərbaycan mədəniyyətinə göstərilən dövlət qayğısından və bu sahədə görülən işlərdən danışdı.
   «Azərbaycan dövləti mədəniyyət sahəsində nəzərdə tutulan bütün layihələri həyata keçirməkdədir və bu proses davam etdiriləcəkdir. Bizim hamımız son bir neçə ildə mədəniyyət sahəsində görülən böyük işlərin şahidiyik. Beynəlxalq səviyyəli mədəni tədbir və festivalların keçirilməsi, mədəniyyət obyektlərinin bərpası, yenidən qurulması işi davamlı olaraq aparılır. Dövlət başçısı cənab İlham Əliyevin Gəncənin istər sosial-iqtisadi, istər mədəni inkişafı baxımından bu qədim şəhərə necə yüksək diqqət göstərdiyini gəncəlilər bizdən də yaxşı bilirlər. Biz də qərara gəldik ki, festivalın ilk sərgisini xalq sənətlərinin ənənələrini qoruyub saxlayan qədim Gəncədə təşkil edək».
   Açılışdan sonra sərgi salonu tamaşaçıların ixtiyarına verildi. Bu tamaşaçılar arasında mən də var idim.
   
   Nə vaxtsa Azərbaycan ərazisində tapılmış və eramızdan əvvəl III minilliyə aid saxsı qablarda olan sadə elementlər - düz və sınıq xətlər, dairəciklər, üçbucaqlar, romblar çox sonralar bədii tikmə ornamentlərində üzə çıxdı... Dekorativ sənətin öz kökündən qidalanaraq sənət fəlsəfəsini yaşatmasına dair bu bircə fakt belə elə xalqın öz mədəniyyətinin varisliyinin sübutudur. Xalçaçılıq, bədii oyma, toxuma, zərgərlik və sairə sənət növləri üzrə nümunələr xalqın bədii zövqü olmaqla bərabər onun məişətinin ayrılmaz hissəsi olmuşdur. Eyni zamanda xalq öz fəlsəfəsini, düşüncəsini bu sənət əsərləri ilə əbədiləşdirmişdir. Məsələn, bədii tikmələrdə bir-birindən küsmüş təsvir edilən iki quş ayrılığın simvolu anlamını verirsə, metal əşyalar üzərində miniatürlərlə dövrün hər hansı hadisəsinə münasibəti bilmək mümkündür. Ümumiyyətlə, Azərbaycan dekorativ-tətbiqi sənəti o qədər zəngindir ki, bu zənginlik təkcə bədii baxımdan deyil, tarix, astrologiya, çoğrafiya, fəlsəfə konturlarından izah edildikcə aydınlaşır. Bu gün dünyanın bir çox muzeylərini Azərbaycan ustalarının əl işləri bəzəyir. Xalçaçılıq, ipəkçilik, daş oymaçılığı, misgərlik, zərgərlik, şəbəkəçilik kimi ənənəvi sahələr sənət peşələrinin əsasını təşkil edir və bu günümüzdə də yaşayır. Lakin sözsüz ki, qədim incəsənət sahəsi olaraq dekorativ-tətbiqi sənətin də yaşamasına, qorunmasına, təbliğinə ehtiyac var. Məhz bu ehtiyac Mədəniyyət və Turizm Nazirliyinin yeni bir mədəni layihə həyata keçirilməsini zərurətə çevirdi. Aprelin 1-də dekorativ-tətbiqi sənət nümunələrinin, gənc istedadların üzə çıxarılması məqsədi ilə I Ümumrespublika festivalının ilk sərgisi keçirildi. Qeyd etdiyimiz kimi, Azərbaycanda dekorativ-tətbiqi sənəti kifayət qədər zəngindir. O qədər ki, hər sənət üzrə az qala hər bir regionun özünəməxsus texnologiyası, texnikası və standartları mövcuddur. Məhz bu baxımdan sənətlər müxtəlif region məktəblərinə bölünür. Təsəvvür edin ki, təkcə xalçaçılıq üzrə 7 məktəb formalaşıb. Gəncənin xalça ustalarının əl işləri qədim karvan yollarıyla dünyanın çox yerlərinə gedib çıxıb. Amma onlar nə vaxtsa Gəncə xalçaçılıq məktəbinin nümunələrinin böyük bir salonda nümayiş etdiriləcəyini heç düşünməyiblər. X-XI əsrlərdə yun xalçaların istehsalı kimi tanınmış Gəncə xalçaçılıq məktəbi ətraf rayonlara da təsir etmişdir. Gəncədə metaldan düzəldilmiş əsərlərin yaşı 5000 ilə yaxındır. Silahlar, bəzək əşyaları, qab-qacaq... Bu şəhərdə bədii tikmə ustalarının, zərgərlərin, dulusçuların Azərbaycanın digər regionlarından fərqli xüsusiyyətlərə malik məktəbləri olmuşdur.
   I Ümumrespublika Xalq Tətbiqi Sənət Festivalının Gəncədə keçirilən ilk sərgisində qədim ənənələri yaşadan ustaların əsərləri nümayiş olunurdu. Sərgidə Azərbaycanın 18 bölgəsini təmsil edən sərgidə təşkilat komitəsinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, xalçaçılıq, batika, zərgərlik, keramika, bədii şüşə və tikmə, makrame, dulusçuluq, toxunma qrafika, bədii dəri işləmə, bədii döymə üzrə əsərlər tamaşaçıya təqdim edildi. Sərgi salonunun divarlarında müxtəlif xalçalar, qrafik işlərlə bəzədilərkən ayrı-ayrı ustaların əl işlərindən ibarət xüsusi yerlərdə təşkil edilmişdir. Ustalarla sərgiyə təşrif gətirmiş çoxsaylı insanların sənət söhbətləri, sənət əsərlərinə göstərilən diqqət, dekorativ yaradıcılığın zənginliyi salonda xüsusi ab-hava yaradırdı. Süjetli xalçaların ornamenti, taxta və metal üzərində döymələri hər biri xüsusi sənət mənasına malikdir. Bəzən hansısa əsərin bədiiliyini anlamaq üçün bu mənaların izahına ehtiyac hiss edirəm. İzahları isə elə ustalarla söhbətdə alıram. Eyni zamanda, 18 bölgədən gəlmiş sənətkarlardan bəzilərindən sərgi ilə bağlı təəssüratlarını öyrənirəm.
   İlk müsahibim oymaçı ustadır. Ağayev Şeyda Samux rayonunundan gəlib. Sərgidə «Leyli və Məcnun» kompozisiyası ilə yanaşı şam ağacından düzəltdiyi nərd taxta, şahmat, mücrü, samovar da nümayış olunur.Əl işləri oyma naxışlarla bəzədilib. Şam ağacına üstünlük verməsini isə belə izah edir.
   «Şam materialla işləmək asandır, tez xarab olmur. Ümumiyyətlə isə bu işlə 1992-ci ildən məşğulam. Çox sevinirəm ki, əsərlərimi sərgiyə çıxara bilmişəm. Bu cür festivalın keçirilməsi sənəti yaşatmaq baxımından vacibdir. Tezliklə o qədər zəngin əsərlər üzə çıxacaq ki... Təki meydan olsun, bizim kifayət qədər sənətkarlarımız var. 2000-ci ildə də əl işləri üzrə müsabiqədə iştirak etmişəm. Sonradan isə keçirilməyib. Bu sərgi isə bizim üçün bayram günüdür».
   Sərgidə yaşlı ustalarla yanaşı, gənc sənətkarların da iştirak etməsi diqqətimi xüsusi olaraq cəlb etdi. 17 yaşlı Cəmilə Məmmədova Daşkəsən rayonundan gəlib, toxucudur. Onun əsərlərinə tamaşa edənlər isə heç də az deyil. Özü isə eskiz halında olan əsərlərini göstərib gələcək planlarından danışır.
   «8 yaşımdan xalçaçılıqla, toxuma ilə məşğulam. Sərgidə toxuduğum Şirvan, Qarabağ xalçaları ilə iştirak edirəm. İlk dəfədir ki, bu cür sərgidə əsərlərimə baxılır. Məncə, festivalda uğur qazanacağam».
   Qurban Qurbanov isə Gəncə şəhərindəndir. Metalla işləmələri var, əvvəlcə misdən hazırladığı «Bağban» əsəri barədə izahat verir:
   «Bu, bir miniatür əsərdir. Bağban bir ağac əkib fikrə gedib və o, özü narın içindədir. Ətrafda dağınıq nar gilələri isə onun fikirləridir. «Gəncədən İstanbula» əsərimdə isə dünyada məşhur məscidlər ayın içində təsvir etmişəm. Bu birliyə çağırışdır. Dekorativ vaz olan əsərimin adı isə «Dünyaya sülh»dür. Göyərçin dimdiyində dünyanın simvolu göstərilir. Mən özüm mis döymə üzrə təhsil almışam. Bir çox müsabiqələrdə iştirak etmişəm. Bugünkü sərgi isə daha əhatəli tədbirdir. Fərqlənib-fərqlənməyəcəyimdən asılı olmayaraq, sərginin təşkilatçılarına xalq sənətinin inkişafına qayğı üçün təşəkkür edirəm».
   Əlvan metallardan düzəltdiyi əşyalarla, xüsusilə poladdan hazırladığı silahlarla hər kəsin marağına səbəb olmuş Şaiq Məmmədov Gəncə sakinidir. Deyir ki, əsərlərinin hazırlanmasında əlvan metallardan, poladdan başqa göndən, rəngli direkorativ ağaclardan da istifadə edir. Onun hazırladığı, gözəlliyi diqqəti cəlb edən əyri qılıncı haqqında öz fikrini dinləyək: «Deyirlər ki, əyri qılıncı dünyaya ərəblər verib. Bu yanlış fikirdir. Əyri qılınc türklərə məxsusdur. Bu növ qılıncın üstünlüyü bir zərbəyə rəqibi məhv etmək gücündə olmasındadır. Tarixi məxəzlər əyri qılıncın türklərə məxsusluğunu sübut edir. Sərgiyə 60-a yaxın əsərlərimi çıxarmışam. Silahlar, kitab üzlükləri, təsbehlər... indiyə qədər bir çox sərgi yarmarkalarında iştirak etmişəm. Çox arzulayıram ki, bu festival hər il keçirilsin. Çünki bu cür tədbirlər sənətkarlığın inkişafına təkan verir».
   Misgər Fəhimov Məmməd Gəncədə yaşasa da əslən lahıclıdır. Elə lahıc misgərlərinin sənət davamçısı olaraq da hazırladığı mis qabları nümayişə çıxarıb. Deyir ki, mis qablara tələbat var. Hətta Moskvadan gəlib ondan bu qabları sifariş edirlər. Elə sərginin üstünlüyünü də sənət məmulatlarının təbliğində böyük rol oynamasında görür. Sərgidə Naftalan rayon sakini 80 yaşlı Sevdiyeva Kifayətin də əl işləri, toxumaları nümayiş edilir. Özü sağlamlığı imkan vermədiyindən burada iştirak etməsə də toxuduğu son əl işini- zanbaq gülünü də sərgiyə göndərib.
   Müxtəlif sənət nümunələri ilə sərgiyə qatılsalar da sənətkarların fikri yekdildir. Bu festival xalq sənətinin inkişafına böyük təkan verəcək.
   Fürsət tapıb, sərgidə əl işlərini diqqətlə nəzərdən keçirən və qeydlər aparan festivalın təşkilat komissiyasının bir neçə üzvü ilə də söhbətləşirəm.
   İlk müsahibim festivalın təşkilat komitəsinin üzvü Leyla Axundzadədir. O, bu festivalın əsas istiqamətinin milli mədəniyyətin inkişafına xidmət olduğunu bildirir.
   «İlk sərgidə 50-ə qədər sənətkar iştirak etdi. Bu cür festival birinci dəfə idi ki, keçirilirdi. Sərgi göstərdi ki, dekorativ-tətbiqi sənətə kifayət qədər maraq var. Amma, hörmətli Ədalət Vəliyevin qeyd etdiyi kimi, müəyyən mərkəzlər yaranmalıdır və orada sənət nümunələrinin nümayişi, satışı üzrə yarmarkalar keçirilməlidir. Bu, sənətkarlara maddi stimul vermiş olar. Hesab edirəm ki, uğurlu sərgi keçirildi».
   Dekorativ-tətbiqi sənət istifadəsi məsələləsini isə Leyla xanım bu cür yanaşdı:
   «Turizm Azərbaycanda son illər sürətli inkişaf edir. Bu sahədə hərtərəfli, kompleks tədbirlər həyata keçirilir və respublikamıza turist marağı böyükdür. Sözsüz ki, xarici turist yerli simvolları, suvenirləri əldə etmək istəyir. Xarici təcrübədə hotellərdə, xüsusi mərkəzlərdə bu tip milli suvenirlər satışa çıxarılır. Sənətkar maddi gəlir əldə edir, digər tərəfdən sənin milli incəsənətin dünyaya çıxır».
   Sərginin ilk günü başa çatdı. Festival isə marşrutuna Naxçıvanda davam edəcək. Sonda isə paytaxt Bakıda yekun tədbirlə I Ümumrespublika Xalq Dekorativ-Tətbiqi Sənəti Festivalı başa çatacaq. Amma elə indidən festivalla bağlı konkret məqsədlərin reallaşacağını söyləmək mümkündür. Bu ilk sərgi göstərdi ki, xalq sənətinə böyük maraq var, yeni-yeni əsərlər və işlər ortaya çıxıb, gənc və istedadlı ustadlar milli sənətləri yaşatmaq gücündədilər. Sadəcə olaraq, onlara meydan vermək, daha doğrusu, meydanı genişləndirmək lazımdır. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi festival məhz bu amala söykənir. Sərgi məndə digər təəssüratlar da yaratdı. Ədəbiyyat üzrə Nobel mükafatı qazanmış yazıçı Orxan Pamukun «Mənim adım qırmızı» romanında Azərbaycan miniatür sənəti qırmızı xətlə keçir və əsərin özəyini təşkil edir. Bizə adi görünən mis döymə, yaxud hansısa oyma işi özündə böyük incəsənət elementləri daşıyır. Hansı ki, bu elementlərin bircəciyi üzərində böyük bir roman yazılır. Bu faktı xatırlatmaqda bir məqsədim var. Azərbaycan xalq tətbiqi sənətləri kifayət qədər möhtəşəm və maraqlıdır. Sadəcə olaraq onun geniş təbliğinə ehtiyac var.
   
   Sabutay







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar