Azərbaycan dövlətinin siyasətində ölkənin ictimai-siyasi həyatında, mədəni inkişafında, quruculuq sahəsində xalqa xidməti ilə fərqlənənlərin əməyinin qiymətləndirilməsi xüsusi yer tutur. Onlar haqlı olaraq dövlətin təsis etdiyi müxtəlif adlar və mükafatlarla təltif edilir. Bu, məhz cəmiyyətimizin inkişafında müstəsna rolu olan şəxslərə verilən tarixi qiymət olmaqla yanaşı, həm də dövlətin onlara qayğısıdır. Sözsüz ki, hər bir təltifin öz yeri, öz çəkisi və öz sevinci var. Lakin mayın 10-u “Buta” sarayında ilk dəfə olaraq təqdim edilən Heydər Əliyev mükafatının bu təltiflər içində ali yeri vardır. Mükafat ümummilli liderin adını daşımaqla bərabər, həm də onun doğum tarixində-mayın 10-da təqdim edilirdi. Bir daha qeyd edək ki, 2004-cü ildə təsis edilmiş Heydər Əliyev mükafatı ilk dəfə təqdim olunurdu və təqdimetmə mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edirdi. Heydər Əliyev Mükafatı Komissiyası mukafata layiq görülənlərin yaradıcılıq yolunu və fəaliyyətini araşdıraraq 2009-cu il 5 may tarixli iclasında qəbul etdiyi qərarla Azərbaycan Respublikasının Prezidentinə müvafiq sərəncam vermək üçün 3 namizəd təqdim etmişdir. Mərasimdə prezident İlham Əliyev çıxış edərək mükafatları namizədlərə təqdim etdi.
   
   İlk büstün memarı
  
 
   Heydər Əliyev incəsənət xadimləri ilə xüsusi münasibət saxlayırdı. Yəqin bu onun daxili aləmi ilə bağlı idi. O, uşaqkən rəssamlığa, sonralarsa memarlığa maraq göstərib. Heydər Əliyevin Naxçıvandakı ilk büstünün heykəltəraşı isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş Ömər Eldarov olmuşdur.
   Milli liderimiz Heydər Əliyev ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüləndə Mərkəzi Komitədən gələn tapşırığa əsasən onun büstü hazırlanmalı idi. Ulu öndərin heykəltəraş Ömər Eldarovla tanışlığı da bundan sonra yaranıb Heykəltəraş həmən dövrü belə xatırlayır: «İlk dəfə Heydər Əliyevlə Bakıda - Kamran Bağırovun otağında görüşdük. O fikirləşib belə qərar vermişdi ki, büstü mən hazırlamalıyam. Elə səhərisi gün emalatxanama gəldi və ilk natura seansı oldu. O vaxt bu təcrübədən təkcə Heydər Əliyev istifadə etmirdi. Bilmirəm, həyəcanlı olduğumdan idi, ya nə, etüd alınmadı. Biz təkrarən Moskvada görüşdük». Naturadan hazırlanan bu büst Naxçıvanda qoyulur. Ömər Eldarov deyir ki, Heydər Əliyev incəsənət xadimləri ilə qeyri-formal tanış idi. Yəqin, bu, onun daxili aləmi ilə bağlı idi. Onu da qeyd edək ki, milli liderimiz Heydər Əliyevin Fəxri Xiyabandakı memorial abidə kompleksi də Ömər Eldarovun əsəridir.
   Ömər Eldarov 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra o, peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda, sənətkar bir sıra kamera xarakterli, kiçikhəcmli əsərlərin müəllifidir.Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafındakı xüsusi xidmətlərinə görə heykəltəraş, xalq rəssamı Ömər Eldarova Heydər Əliyev mükafatını təqdim etdi. Qocaman heykəltəraş onun sənətinə verilən bu yüksək qiyməti həyəcansız qeyd edə bilmədi:
   - Əziz dostlar! «Mən xoşbəxtəm» desəm, bu, heç nə deməmək kimi olar. Mən həyəcanlıyam, ona görə də, danışığım səlis olmayacaq. Bu mükafatı almaq mənim üçün çox böyük fərəhdir. Bu, respublikamızda mövcud olan ən yüksək mükafatdır. Bu mükafatı almaq məni ona görə xüsusilə sevindirir ki, o, dövlətimizin banisi Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev bu gün çiçəklənən dövlətin iqtisadi və başqa əsaslarını uzun illər boyu yaratmışdır. Obrazlı şəkildə desək, indi Azərbaycan dünyada kiçik, lakin ən parlaq və ən dinamik inkişaf edən ölkədir! Çox sağ olun!
   
   Fəaliyyətin başqa adı: “Xoş niyyət”
   

   Prezident İlham Əliyev Heydər Əliyev Mükafatını Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi.
   “Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim”.
    Qeyd edək ki, Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhəri 23 saylı orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Fəlsəfə elmləri namizədidir. 1 monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin müəllifidir. 1988-1995-ci illərdə Moskva şəhərində Dövlət Təhlükəsizliyi Elmi Tədqiqat İnstitutunun poliklinikasında həkim-oftalmoloq vəzifəsində çalışmışdır. 1995-ci ildə «Azərbaycan Mədəniyyətinin Dostları» Xeyriyyə Fondunu yaradıb, ona başçılıq edib.1996-cı ildə Azərbaycan, ingilis və rus dilində çap olunan «Azərbaycan İrs» mədəniyyət və tarix jurnalını təsis edib və onun redaktoru olub. 2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Bu sahədə onun fəaliyyəti Beynəlxalq Gimnastika Federasiyasının 2005-ci ilin Dünya bədii gimnastika yarışının Azərbaycanda keçirilməsi qərarıyla nəticələnib. 2004-cü ildə o, Heydər Əliyev irsini tədqiq edən Heydər Əliyev Fondunu təsis edib. Həmin ildə M.Əliyeva folklor və musiqi ənənələrini təbliğ etdiyinə görə «YUNESKO-nun xoşməramlı səfiri» adına layiq görülməklə yanaşı, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə, 2004-cü il dekabrın 28-də isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilmişdir. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci ildə keçirilən sorğunun nəticəsinə əsasən o, «İlin qadını» tituluna layiq görülüb. Həmçinin o, «Yüzilliyin mesenatları» Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təltif edilən «Yaqut Xaç» ordeninin ilk qadın kavaleridir. İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının - «İSESKO-nun xoşməramlı səfiri» adına layiq görülüb. İndi onun fəaliyyətinə görə aldığı mükafatlar sırasına ali bir mükafat da əlavə edildi- Heydər Əliyev mükafatı. Bu sözlər isə elə mükafatçının özünə aiddir. Vətənimizə ləyaqətlə xidmət etmək hər birimizin borcudur. Heydər Əliyev mükafatı ilə təltif olunmaq mənim üçün ən böyük şərəfdir.”
   
   8-ci simfoniyanin müəllifi
   

   Dövlətimizin başçısı ölkəmizin musiqi mədəniyyətinin inkişafındakı xüsusi xidmətlərinə görə bəstəkar, xalq artisti Arif Məlikova da Heydər Əliyev mükafatını təqdim etdi. Hələ bəstəkarın 75 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilirdi.
   “Arif Məlikov yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindəndir. Onun balet və simfoniyaları, kinofilmlərə və dram tamaşalarına musiqiləri, habelə müxtəlif janrlarda yaratdığı digər əsərləri milli musiqi xəzinəmizin ayrılmaz hissəsini təşkil edir”.
   SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakıda anadan olub. 1958-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq sinfi üzrə bitirmişdir. “Məhəbbət əfsanəsi”, "İki nəfər", "Bu torpaqda iki qəlb dastanı" baletlərinin, səkkiz simfoniya, və simfonik poemaların, Kamera instrumental, Xalq Çalğı Alətləri Orkestri üçün əsərlərin və Nazim Hikmətin sözlərinə 2 vokal silsilənın müəllifidir. O, həmçinin bir çox teatr tamaşalarına və kinofilmlərə musiqi bəstələmişdir. Hər zaman “Mən xoşbəxt sənətkaram ki, Azərbaycanı öz əsərlərimlə bütün dünyada sevdirirəm” - deyən Arif Məlikov ali mükafata təqdim edilərkən öz ürək sözlərini belə bildirdi.
   “Xatirəsini böyük ehtiramla yad etdiyimiz dahi şəxsiyyətin qarşısında baş əyirəm və onun surəti həkk olunan bu nişanı həmişə fərəhli günlərdə fəxrlə döşümdə aparacağam. Mən Heydər Əliyevlə uzun illər ünsiyyətdə olmuşam və bu ünsiyyətin nəticəsində borc bildim ki, bir neçə il üzərində işlədiyim “Səkkizinci simfoniya”nı ona həsr edim. Bu yaxınlarda Prezidentin sərəncamı ilə mənim yubiley günlərimi keçirəndə ilk gecədə “Səkkizinci simfoniya” səsləndi. “Yeddinci simfoniya” İhsan Doğramacıya həsr olunmuşdu. İki simfoniya birlikdə səsləndi. Mən bununla fəxr edirəm. İndi o, CD və DVD formasında buraxılıb. İnanıram ki, onun dinləyiciləri bundan sonra da artacaq. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun”.
   
   P.S. “Mədəniyyət” qəzetinin kollektivi də Heydər Əliyev mükafatına layiq görülmüş şəxsləri təbrik edir və onların sevincini bölüşür. Bildiririk ki, mükafatçılar haqqında geniş yazıları qarşıdakı saylarımızda diqqətinizə çatdıracağıq.
   
   Sabutay NAĞIYEV







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar